Problem ondadır ki, açıq söhbət belə qlobal problemlərin həllini yaxınlaşdırmır. Yəni hamı ürəyini boşaldır, ancaq “problemləri necə birgə həll edək” sualına cavab tapa bilmirlər. Bu da anlaşılandır. Dünyada gedən son proseslər fikir ayrılıqlarını daha da dərinləşdirir. Soyuq müharibə illərində oyun qaydaları daha aydın idi, iki rəqib blok var idi, dünya iki hissəyə bölünmüşdü, ölkələrin əksəriyyəti hissələrdən birini seçmişdi. İndi isə oyunçuların sayı artıb və hərə öz oyununu aparmağa çalışır, beynəlxalq aləmdə nizam pozulub.
Azərbaycan baxımından bu konfransın bizə elə bir əhəmiyyəti olmadı. Əvvəlcədən yayılan məlumatların əksinə olaraq Azərbaycan və Ermənistan xarici işlər nazirləri Münhendə xüsusi olaraq görüşmədilər. Məncə, elə yaxşı ki, görüşüb müzakirə aparmadılar. Münhen təhlükəsizlik konfransından əvvəl “Xəzər aktual” proqramında açıq söylədim ki, xarici işlər nazirlərinin görüşünə ehtiyac yoxdur, bu bizə sərfəli deyil, çünki baş nazir Nikol Paşinyan və onun komandası Qarabağ danışıqlarına hazır olmadığını hər dəfə bəyan edirlər. İşğalçı ölkənin təmsilçiləri detallı danışığa hazır deyillərsə və görüşlərdən status-kvonu uzatmaq üçün istifadə edirlərsə və edəcəklərsə, biz niyə görüntü xatirinə bu görüşlərdə iştirak etməliyik?