Vaxt.Az

Vandal diktator


 

İndi növbəti mərhələ başlayır

Vandal diktator Maduro dünən humanitar əməliyyatın qarşısını aldı. Kolumbiya və Braziliya istiqamətlərindən Venesuelaya daxil olan yük avtomobilləri bir qədər irəlilədikdən sonra onların qarşısı kəsildi və bəzilərinə od vuruldu.

Əslində açıq demək lazımdır ki, bu əməliyyatın əsas və yeganə məqsədi heç də xalqa yardım çatdırmaq deyildi. Bu, daha çox rejimi tamamilə çökdürməyə yönəlmiş, yaxşı düşünülmüş siyasi gediş idi - elə bir gediş ki, “El diktador”un istənilən reaksiyası onun öz əleyhinə çevriləcəkdi. Maduro ondan icazə alınmadan və məlumat verilmədən təşkil olunan yardımları içəri buraxsa, ölkədə real hakimiyyətin Quaydoya məxsus olduğunu tanımış və qəbul etmiş olacaqdı. Ona görə də ikinci yolu, zorakılığı seçməyə məcbur qaldı.

Dünən bizim vaxtla günortadan gecə saatlarına qədər sərhəddə karvanı qarşılamağa çıxmış on minlərlə insana güc tətbiq edildi, xüsusən aborigen xalq pemonlara qarşı vəhşiliklər törədildi, bir neçə nəfər öldü, çoxlu sayda adam yaralandı. Bu işdə “kollektivos” adlanan, rejimə bağlı paramilitar dəstələr xüsusi fəallıq göstərdi. Maşınlardan bəzilərinə od vuruldu, nəticədə gördüyünüz fotolar bütün dünyaya yayıldı və Maduronun “hakimiyyəti uzurpasiya etmiş diktator”la yanaşı, həm də “ac, xəstə insanlar üçün aparılan qida və dərmanları yandıran vandal” obrazı yaradıldı.

İndi növbəti mərhələ başlayır. Rejimə qarşı güc tətbiqi üçün legitim əsasların yaradılması yolunda ilk addım baş tutmuş oldu. Venesuela Konstitusiyasına əsasən parlamentin hüququ var ki, xaricdən hərbi yardım istəsin. Parlament ölkədə humanitar fəlakətin yaranmasını əsas tutaraq xarici hərbi yardım üçün dost ölkələrə (böyük ehtimalla Amerika Dövlətləri Təşkilatına) müraciət edə bilər. Bu dövlətlərin çoxmillətli koalisiya formalaşdıraraq Braziliya və Kolumbiyadan, eləcə də dənizdən intervensiyaya başlaması mümkündür. Rejimin bu cür koalisiyaya qarşı uzunmüddətli müqavimət imkanları yoxdur. Yəqin ki, iş bu yerə çatsa, böyük quru müharibəsinə ehtiyac qalmadan əvvəlcə raket-aviasiya zərbələri ilə Maduro ordusunun müqavimət gücü aradan qaldırılacaq (Yuqoslaviyada olduğu kimi), sonra Quaydonu tanımış qitə dövlətlərinin hərbi qüvvələri ölkəyə daxil olacaq.

Sabah Kolumbiyada ABŞ-ın vitse-prezidenti Mayk Pens və qitə dövlətləri liderlərinin (Lima qrupu) görüşündə bu məsələnin müzakirəsi istisna deyil.

P. S.: Dünən Venesuela Milli Qvardiyasının 60-dan çox əsgər və zabiti Kolumbiyaya sığındı. Zabitlər Quaydo ilə görüşüb, onu tanıdıqlarını bildirdilər.

 





24.02.2019    çap et  çap et