Vaxt.Az

Sarayın canına vəlvələ salan xanım


 

ABŞ onun əliylə vəliəhd-şahzadəni yolundan döndərə biləcəkmi?

Sarayın canına vəlvələ salan xanım 100 il davam edəcək masanın qurulması üçün gedən bilək güləşi əməlli-başlı qızışıb. Səudiyyə Ərəbistanının vəliəhd-şahzadəsi Məhəmməd bin Salmanın (MBS) Çinə getməsi, orada isti qarşılanması və Pekinə “Alın, sizə istədiyiniz qədər neft. Kiminlə nə istehsal edəcəksiniz, edin. Bizi də unutmayın. Sadəcə neftlə yaşamaq istəmirik. İstəyirsiniz, ABŞ-a meydan oxuyun. Yanınızdayıq” deməsi, yəni bu mənaya gələn sözlər söyləməsi, hətta “açıq çek” verməsi yeni bir tezlik, yeni bir həmlə, yeni bir toqquşma anlamına gəlirdi.

Baxın, bəzi bölgələr 500 ildir çox önəmlidir. Bu bölgələrdəki ölkələr də, təbii, 500 ildir çox önəmlidir. Və önəmli qalacaqlar. Çünki olduqları bölgə bu gün də, sabah da, 100 il sonra da geostrateji baxımdan daima önəmli qalacaq. Türkiyə belədir. Ona görə ki, Aralıq dənizi də, Qara dəniz də yeni dünya nizamı üçün önəmli yerlərdir. Bunu bilməli və yadda saxlamalıyıq. Bunlar bizim kozırlarımızdır.

Səudiyyə Ərəbistanı da, əlbəttə, önəmli bir ölkədir. Ancaq Səudiyyə Ərəbistanı geostrateji baxımdan deyil, dünyanın geopolitik gələcəyi baxımından çox önəmlidir. Yeni dünya nizamını Pekindən qurmaq istəyən Çinin “həyat mayesi”, yəni nefti Səudiyyə Ərəbistanı və İrandan gəlir. Ona görə ABŞ, Ərəbistanda daima iştirak etməyə məcburdur.

Sadəcə Türkiyə və Səudiyyə Ərəbistanı deyil, bu gün Venesuelanın da hədəfə çevrilməsinin arxasında yatan həqiqət onun Çinlə yaxınlaşmasıdır. Bu, aydın şəkildə ortadadır.

Səudilərin Çinlə yaxınlaşması haqqında danışarkən, maraqlı bir həmlə gəlib. Şahzadə xanım Rima bint Bəndər əl-Səud Vaşinqtona səfir təyin edilib. O, ilk qadın səfir olacaq. Şahzadə xanım Rima, atası Bəndər bin Sultan bin Əbdüləzizdən 14 il sonra eyni vəzifəyə gətirilib. Bəndər bin Sultan bin Əbdüləziz 1983-2005-ci illərdə Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfiri vəzifəsini yerinə yetirib.

1975-ci ildə ər-Riyadda doğulan Rima ABŞ-ın Corc Vaşinqton Universitetinin Muzey tədqiqatları bölümünü bitirib.

Şahzadə xanım Rimanın Vaşinqtona səfir təyin edilməsi ABŞ “dərin dövlət”inin önəmli həmləsidir. Onun ilk qadın səfir olması və ya Səudiyyə Ərəbistanının Vaşinqtondakı sabiq səfiri şahzadə Bəndər bin Sultanın qızı olması heç önəmli deyil. Yəni, “dərin ABŞ” işin bu tərəfində deyil. Başqa yerindədir.

“Dərin ABŞ” şahzadə xanım Rima üçün indiyədək çox həmlələr edib, istədiklərini alıblar. Çünki Rima vəliəhd-şahzadə Salmanın “qara qutu”su idi. MBS-nin atdığı hər bir addımdan xəbərdar olan, onun gizli kölgəsi mövqeyində olan şahzadə xanım Rima, vəliəhd-şahzadənin ABŞ-dan kənarda hərəkət etməsini minimuma endirəcək. Əgər MBS Çində ABŞ əleyhinə addımlar atmasaydı, şahzadə xanım Rimanın Vaşinqtona səfir təyin edilməsinə ehtiyac qalmayacaqdı. Bu, “Xaşuqci hadisəsi”ndən sonra ikinci həmlədir.

Yəqin, oynanan şahmat oyununu görürsünüz. Əlbəttə, şahzadə xanım Rima atası kimi, ABŞ konstitusiyasına and içib. Bu məlumat gizli olsa da, əslində, hər kəsin bildiyi bir “sirr”dir. Şahzadə xanım Rima ABŞ bayrağındakı 50 ulduz üçün yaşayır.

Həqiqətən, MBS üçün çətin günlər başlayıb. Çünki birincisi, vəliəhd-şahzadə Salmanın ətrafında olan və vəzifələrini yerinə yetirən 9 nəfərlik xüsusi komandanın seçilməsi tamamilə şahzadə xanım Rimanın işidir.

İkincisi, dünyanın haqqında günlərlə danışdığı şahzadələrin həbs edilməsi hadisəsinin arxasında olan güc də şahzadə xanım Rima idi.

Üçüncüsü, Səudiyyə Ərəbistanı Kəşfiyyat Xidmətinin əsil rəhbəri, atasına görə, şahzadə xanım Rimadır.

Dördüncüsü, Türkiyədə həyata keçirilən Camal Xaşuqci cinayəti haqqında həqiqəti MBS-dən daha yaxşı bilən şəxs də məhz şahzadə xanım Rimadır. Bəli, Corc Vaşinqton Universitetinin məzunu şahzadə xanım Rima. O, ABŞ bayrağı ilə yatar və oyanar.

İngiltərəyə və ailələrə yaxınlaşan MBS-yə qarşı atılan bu addım Kral Salmanda da narahatlığa səbəb olub. ABŞ-da qalması gözlənilən Xalid bin Salman, atasının əmri ilə Müdafiə nazirinin müavini vəzifəsinə gətirilib. Çünki ABŞ onun ipini çəkə bilərdi. Kral Salmanın böyük panika yaşaması, ər-Riyadda heç kimlə görüşmək istəməməsi də gələn “səsli fısıltılar”dan biridir.

Şahzadə xanım Rimanın ARAMCO rəhbərliyində daxili qarışıqlıq salacağı haqqında da danışılır. ARAMCO-da baş verəcək bir qiyamla birlikdə MBS-nin bu şirkətdəki gücünün azalacağı düşünülür.

Doğrusu, hədəf ARAMCO-dur. Kral Salman ABŞ və İngiltərə ilə problem yaşamadan “idarəçilkdən” istifadə edirdi. Ancaq oğlunun təcrübəsiz olması nəticəsində atdığı addımların ailə içində də problemlər yaratdığını görür. Səudiyyə Ərəbistanında saray daxilində çox ciddi gərginlik var. Səud ailəsi dünyanın ən qarışıq ailəsidir. Daima münaqişə yaşanan ailənin daxili gərginliyinin təməlində ABŞ-İngiltərə savaşı dayanır. MBS Rotşildlərin təzyiqi ilə Səudiyyə Ərəbistanının ordusunu idarə edən Pentaqonun yerinə fransız ordusunu gətirmək istəyir. Bu xəyalın reallaşması çox da mümkün görünməməkdədir. Çünki çox gizli aparılan bu çalışma şahzadə xanım Rima sayəsində ortaya çıxarılıb və Pentaqona çatdırılıb.

Fransanın Avropa Birliyində güclü addımlar atması, Avropa Ordusu üçün fitili yandırması önəmli idi. Ancaq “sarı jiletlilər”i ortaya çıxaran əsil səbəblərdən biri də Səudiyyə ordusunu fransızlara əmanət etmək fikri idi. Buna izin verilməyəcəyi göstərildi. Həm də Paris yandırılaraq.

Yeni dünyanın böyük qarışıqlığa səbəb olacağını görməyən qalmayıb. Atılan addımlar, verilən qərarlar ciddi müsbət və ya mənfi nəticələrə səbəb olacaq. Əgər MBS ABŞ-dan qopmasını sürətləndirərsə, Camal Xauqci cinayətini törədən şəxs olaraq, edam tələbilə qarşı-qarşıya qalacaq. “Dərin ABŞ”ın beynində bu fikir var. Bundan heç kimin şübhəsi də yoxdur. Kral Salman da, oğlu vəliəhd-şahzadə Salman da bunu bilir.

Lakin MBS öz yolundan dönməyəcək. Mövcud vəziyyət belədir. Savaş və qarşılıqlı cavablar şiddətlənəcək. Can da yanacaq. Doğrusu, çox adam təhlükəsiz şəraitdə deyil.

Bu şəraitdə Türkiyə, hər şeyə və hər kəsə rəğmən, öz bildiyi yolla irəliləyir. Bundan narahat olanlar da çoxdur. İçəridə də var. Qəribə deyilmi? Ankaranın milli maraqlar üçün addım atması nə üçün içimizdəkiləri çox qayğılandırır? Heç anlamadım. Siz anladınızmı?

Bu, dəqiqdir: kim nəyi necə anlayırsa anlasın, Türkiyə durmayacaq. Görəcəksiniz, durmayacaq. Durdurula bilməyəcək…

 





04.03.2019    çap et  çap et