Bu İrandakı azərbaycanlıların ermənilərin zaldakı təxribatına miqyasca daha böyük cavabı idi. Ancaq indi gəlin görək, bunların hansı biri erməni saytlarında yayınlandı? Hansısa erməni dedimi ki, İran rejimi nədən ermənilərə və Ermənistana qarşı səsləndirilən şüarlara səssiz qaldı? İran XİN-nin mətbuat katibi Bəhram Kəsəmi də Tehranda zaldakı hadisəni faktiki yerli ermənilərin təxribatı kimi qiymətləndirdi. Ancaq erməni saytları mətbuat katibinin çıxışının həmin hissəsini kəsərək onun sadəcə, “biz danışıqların sülh yolu ilə həllinə tərəfdarıq” cümləsini yayınladı.
Biz elə etməliydik ki, Təbrizdə Ermənistan bayrağının yandırılması, üstəgəl səfirlik divarında “Qarabağ Azərbaycanındır” yazılarının, o cümlədən İran XİN-nin mətbuat katibinin sözləri erməni cəmiyyətinin diqqətinə çatdırılardı və onlar bunu geniş şəkildə müzakirə edərdilər. Necə ki, biz Tehrandakı ermənilərin təxribatını geniş müzakirə edirik, ermənilər də İran azərbaycanlılarının onlara tutarlı cavabını müzakirəyə çıxarmalı idi. Çıxarmırsa deməli informasiya savaşında ermənilərdən öndə olduğumuzu iddia edə bilmərik. Bəziləri sual edə bilər ki, axı bu məlumatları erməni cəmiyyətinin müzakirəsinə necə çıxara bilərik ki, mediaları bu haqda heç nə yazmadı. Ancaq informasiya müharibəsinin elə özəlliyi bundadır ki, düşmənin istəmədiyi informasiyanı onun məkanına ötürməyi bacarırsan və onu bu informasiyanı müzakirəyə məcbur edirsən. Bunun üçün sosial şəbəkələri fəallaşdırırsan, həmin xəbəri xarici dillərdə yayırsan, üçüncü dövlətlərin mətbuatına yol tapmasını təmin edirsən. Məsələn, ermənilər də bizim kimi Rusiya mətbuatını diqqətlə oxuyurlar. Rusiyanın tanınmış qəzetlərinin birində İran azərbaycanlılarının Paşinyanın səfərinə etirazına dair bircə sanballı yazı yayınlansaydı həmin yazı erməni mətbuatına da yol tapacaqdı.