Vaxt.Az

Üç nazir oğlu və Rza Zərrab həbsdən buraxıldı


 

Amma ölkəni tərk etməmək şərtilə

Üç nazir oğlu və Rza Zərrab həbsdən buraxıldı Bu dəqiqələrdə Türkiyədə məhkəmə 17 dekabr rüşvət və korrupsiya əməliyyatında həbs edilən İran əsilli azərbaycanlı milyarder Rza Zərrabın və üç nazir oğlunun azadlığa buraxılması barədə qərar çıxarıb.

Virtualaz.org saytı Türkiyə qaynaqlarına istinadən xəbər verir ki, keçmiş daxili işlər naziri Muammer Gülerin oğlu Barış Gülər, keçmiş iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Kaan Çağlayan və Rza Zərrab da daxil olmaqla 17 dekabr əməliyyatında tutulanlardan 5-i barədə həbsdən buraxılma qərarı verilib. Bundan əvvəl məhkəmə 17 dekabr əməliyyatında tutulan iş adamı Əli Ağaoğlunu və bir çox digər şübhəlini də həbsdən buraxmışdı.

Türkiyə mediası xəbər verir ki, Rza Zərrab və nazir uşaqları da daxil olmaqla 17 dekabr əməliyyatında tutulanlardan 5-nin azadlığa buraxılması ilə bu iş üzrə həbs edilənlərin hamısı buraxılmış olub.

Sosial şəbəkələrdə bu xəbər baş nazir Ərdoğanın oğlu ilə telefon danışığında “evdəki paraları sıfırlayın” təlimatına eyhamla “Sıfırladılar” başlığı ilə yayılıb.

Rza Zərrab və digərlərinin azadlığa buraxılması barədə qərarı İstanbul məhkəməsi çıxarıb. Rza Zərrabın vəkili Şeyda Yıldırım bildirib ki, məhkəmə qərarı artıq şübhəlilərin saxlanıldığı Metris həbsxanasına göndərilib və onun müdafiə etdiyi şəxs yaxın saatlarda həbsxananı tərk edəcək. Bununla belə Rza Zərrab və nazir uşaqlarının ölkəni tərk etməsinə qadağa qoyulub.

 





28.02.2014    çap et  çap et