Vaxt.Az

Bakı metrosunda şalvarsız «flaşmob»


 

Martın 1-i keçirilməsi gözlənilən aksiyanın təşkilatçılarına DİN-dən xəbərdarlıq gəldi

Bakı metrosunda şalvarsız «flaşmob» Martın 1-də Bakının mərkəzi metro stansiyalarından biri olan «28 May» stansiyasının girişinin əsaslı təmirdən sonra açılacağı gözlənilir. Artıq stansiyadakı təmir yekunlaşmaq üzrədir, hazırda girişdə əsasən tamamlama işləri aparılır.

Azərbaycan gəncləri isə bu günü özünəməxsusluqla qeyd etməyə hazırlaşır. Bakupost.az-a adının açıqlanmasını istəməyən mənbədən daxil olan məlumata görə, həmin gün Bakıda gənclər «Metroda şalvarsız bir gün» aksiyasını keçirəcək.

Onlar əsasən 3 metro stansiyası – «28 May», «Gənclik» və «Sahil»də bu «flaşmob»u keçirmək niyyətindədir. Belə düşünülüb ki, gənclər bu metro stansiyasına gediş-gəlişin nisbətən gur vaxtında enib işarə gözləyəcəklər. Və konkret bir saatda hər kəs şalvarını çıxarıb vaqona minəcək. Həmin gün şənbə olduğundan, «flaşmob»çuların çox basırığa düşəcəyi gözlənilmir.

«Metroda şalvarsız səyahət» aksiyası bütün dünya üzrə gənclərin təşkil etdiyi ən diqqət cəlb edən «flaşmob»lardan biridir. «Improve Everywhere» adlı qrup 2002-ci ildən bəri dünyanın bir çox şəhərlərində belə aksiyalar keçirir.

Belə aksiyalar zamanı gənclər onlara təəccüblə baxan insanlara «Bu gün şalvarımı evdə unutmuşam», «geyinməyə vaxt çatdırmadım», «şalvarımın üstünə kofe dağılıb» və s. kimi cavablar verirlər. Amma Bakıda bu aksiyanın nə dərəcədə effektiv olacağını demək olmaz. Azərbaycan mentalitetini nəzərə alsaq, şalvarsız gənclərin «top atəşinə» tutulacağını gözləmək də olar. Bir də ki, Bakı metropoliteninin rəhbərliyinin dəyişməsi gənclərin planlarına korrektələr gətirə bilər.

Daxili İşlər Nazirliyindən adıçəkilən aksiya ilə bağlı açıqlama gəldi. Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib ki, belə bir «flaşmob» keçiriləcəyi təqdirdə, bu xuliqanlıq əməli hesab olunacaq: «Bu yaramaz tədbiri təşkil edənlər məsuliyyətə cəlb olunacaq. Çünki onlar belə hərəkətlərlə ictimai qaydanı kobud şəkildə pozmaqla yanaşı, həm də cəmiyyətə açıqca hörmətsizlik etmiş olacaqlar ki, bu da sırf xuliqanlıqdır. Qanunun keşiyində duran polis elə qanuna müvafiq olaraq da belə hərəkətləri təşkil edənlərin, rəvac verənlərin məsuliyyətə cəlb olunmalarını birmənalı olaraq təmin edəcək».

E.Zahidov qeyd edib ki, cəmiyyətimiz üçün yad olan belə bir «flaşmob»un keçirilməsi xalqımızın adət-ənənəsinə, mentalitetinə və mənəviyyatına uyğun olmayan bir hərəkətdir: «Ona görə də əminəm ki, ictimai asayişin və qanunlarımızın keşiyində duran polislə yanaşı, vətəndaşlarımız da belə hərəkətlərə qarşı öz etirazını və iradını bildirəcəklər».

Son məlumatlara görə, bütün xəbərdarlıqlara baxmayaraq «flaşmob» hələ ki, qüvvədədir.  

İndiyə kimi dünyanın 60-dan çox şəhərində 13-cü «Metroya şalvarsız girənlər» aksiyası keçirilib.

Bu ilin yanvarında aksiya dünyanın 25 ölkəsinin 60 şəhərində eyni gündə keçirilmişdi. 13 il ərzində flaşmobun keçirilmə mexanizmində ciddi bir dəyişiklik edilməyib: bir qrup adam metroya daxil olur, özlərini adi sərnişin kimi aparır və birdən əyinlərindəki şalvarı çıxarırlar.

 





28.02.2014    çap et  çap et