Vaxt.Az

Moskva Dodonu hədələdi


 

Kreml Moldovanı Ukraynanın gününə salmaq istəyir

Moskva Dodonu hədələdi Rusiyanın başqa ölkələrin daxili işlərinə necə qarışmasının son Moldova nümunəsinə müraciət edək. Deməli, fevralın 24-də bu ölkədə parlament seçkisi keçirilib. Seçkinin nəticəsinə görə heç bir partiya təkbaşına hökumət qurmaq imkanı qazanmayıb. Ona görə də Moldovanın ruspərəst prezidenti İqor Dodon rəqibi – Demokrat Partiyasının lideri Vladimir Plaxotnyukla danışıqlar aparmaq məcburiyyətində qalıb. İş adamı olan Vladimir Plaxotnyuk eyni zamanda qərbpərəst siyasətçidir. Bu səbəbdən Kremlin onu görməyə gözü yoxdur, Rusiyada Plaxotnyuka qarşı iki cinayət işi açılıb.

Buna baxmayaraq, ruspərəst Dodon qərbpərəst Plaxotnyukla koalisyon hökumət formalaşdırmağın yollarını arayır. Kreml isə öz adamı Dodona mesaj göndərib: “Nəbadə düşmənimiz olan Plaxotnyukla hökumət qurasan!”. Rusiya hakimiyyətinin bu əmrini Kremlə bağlı jurnalist Dmitri Kiselyov dövlət kanalı RTR-dəki özünün “Vesti nedeli” proqramında bir daha Dodonun diqqətinə çatdırıb: “Əgər Plaxotnyukla ittifaq yaratsan Rusiyadan aldığın dəstəkdən məhrum olacaqsan”.

Kremlin köşəyə sıxışdırdığı Dodon Putinlə dostluğuna rəğmən, dözməyərək deyib: “Kənar yanaşmalar daxili siyasətimizə təsir etməməlidir”. Kreml vaxtilə Ukraynadakı adamı – prezident Viktor Yanukoviçi də bu şəkildə köşəyə sıxışdıraraq yazığı çarəsiz duruma sürüklədi. Nəticəsi bəllidir: Yanukoviç hakimiyyətini itirərək qaçdı, Ukraynda separatçı bölgə yarandı, Krım ilhaq olundu, Rusiyaya qarşı sanksiyalar qəbul olundu. İndi də eyni üsulla Moldovanı əzmək istəyirlər. Növbədə daha hansı ölkə və ölkələr var?

 

 





03.04.2019    çap et  çap et