Azərbaycan Milli Hərəkat fəallarının ayıq-sayıqlığı və vaxtı-vaxtında keçirdiyi etirazlar nəticəsində ötən illərdən fərqli olaraq bu il aprelin 24-də ermənilər Türkiyə səfirliyi qarşısında yığıncaq keçirə bilməyib.
Azərbaycanlı fəallar gözlənilən aksiyanın qarşısını almaq məqsədi ilə aprelin 3-dən imzatoplama kampaniyası keçirərək planlaşdırılan yığıncağın icazəsinin ləğv olunmasını tələb ediblər. Kampaniyaya qoşulanlar arasında Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur və Urmiyə Şəhər Şurasının üzvü Murtaza Piri də olub. Toplanan imzalar kampaniya təşkilatçıları tərəfindən İranın daxili işlər naziri və Tehran Valiliyinə təqdim olunmuşdur.
Azərbaycanlıların xəbərdarlığı nəticəsində Türkiyənin Tehrandakı səfirliyi qarşısında ermənilərin aksiya keçirməsinə icazə verilməsə də onlar Sarkis kilsəsinə toplaşıb, kilsənin divarlarından yazılı bannerlər asaraq qondarma erməni soyqırımını anıblar.
Xatırladaq ki, 1915-ci il hadisələrini sözdə soyqırım kimi qəbul edən ermənilər hər il aprelin 24-də Türkiyənin Tehrandakı səfirliyi qarşısında geniş etiraz aksiyası keçirir. Qondarma soyqırım bəhanəsi ilə “Türkiyəyə ölüm”, “türkə ölüm” və s. kimi şüarlar səsləndirən ermənilər İranın rəsmi icazəsi ilə türklərə qarşı belə bir hərəkətə əl atır. Bu o halda baş verir ki, İran rejimi azərbaycanlılara Dağlıq Qarabağla bağlı hər hansı tədbir keçirməyə heç bir şəkildə icazə vermir.