Vaxt.Az

İrəvanın qatıldığı üçlüklər


 

“Bölgədə sülh” və “iqtisadi inkişaf” məqsədlərin altında Türkiyə ilə geopolitik qarşıdurma yatır

İrəvanın qatıldığı üçlüklər Yunanıstan və Kipr bölgədə Türkiyə ilə problemləri olan ölkələrlə bir-bir strateji anlaşma bağlayırlar. Bu iki dövlətin İsrail, Misir, Livan və İordaniya ilə belə anlaşmaları daha öncə imzalanıb. Bu anlaşmalar strateji üçlüklər şəklindədir. İndi də Ermənistanı belə bir üçlüyə qatıblar (Yunanıstan - Kipr - Ermənistan). “Bölgədə sülh”, “iqtisadi inkişaf” və s. məqsədlərin altında Türkiyə ilə geopolitik qarşıdurma yatır.

Geopolitik qarşıdurma öz yerində, ortada yeni qaz yataqlarının istismarı məsələsi də var. Türkiyə beynəlxalq münasibətlərdə dövlət kimi tanınmayan Quzey Kıprıs Türk Cümhuriyyətinin (QKTC) sahilləri yaxınlığında qaz yataqlarını təkbaşına, Kiprin razılığını almadan, istismar edəcəyini bildirib və hazırlıq işlərinə başlayıb. Yeri gəlmişkən, Türkiyənin Rusiyadan “S-400” havadan hücumlara qarşı müdafiə sistemini almaqda israrlı olmasının güman edilən məqsədlərindən biri də budur – bu raket komplekslərini Türkiyənin cənub sahillərində yerləşdirməklə, Kiprin yaxınlığındakı qaz yataqlarını qorumaq (Yunanıstanı və Kipri hücumdan çəkindirmək).

Bundan öncəki üçlüklərin hamısı Aralıq Dənizi ölkələrindən ibarət olub. Ermənistan, bu kontekstdə, yeni gedişatdır. Yunanıstan və Kipr xarici işlər nazirləri açıqlayıblar ki, onlar Ermənistanın Avropa Birliyilə əlaqələrinin güclənməsinə və dərinləşməsinə yardım göstərəcəklər.

Xatırlayırsınızsa, aprel ayında Brüssel səfərimizdən qayıdandan sonra, ölkəmizin Avropa Birliyilə hazırlanan anlaşmanın içində Qarabağla bağlı sərt mətnin olmamasının səbəblərindən biri kimi, Yunanıstanın və Kiprin bizdən Quzey Kıprısı vahid Kiprin ərazisi kimi rəsmən tanımağımızı tələb edə biləcəklərini yazmışdım. Bu, bizim üçün çox ağır seçim ola biləcəyindən, bizdəki hökumətin daha öncə tələb etdiyi mətnin yumşalmasına (taktiki kompromis kimi) razılaşdığını da güman etmişdim.

Konteksti daha geniş götürsək, Yunanıstan və Kipr üçün Ermənistanla sözügedən üçlü anlaşmanın önəmi o dərəcədə böyük görünür ki, Yunanıstan Ermənistana aşağıda yazacaqlarımla bağlı etirazını bildirməyib.

Bu günlərdə qondarma “Dağlıq Qarabağ Respublikası”nda çeşidli ölkələrin separatist bölgələrindən gəlmiş komandalar arasında futbol yarışı keçirilir. Həmin komandaların arasında “Çameria” adında bir komanda da var. Çameria - etnik Albanların çoxluq təşkil etdiyi Yunanıstan ərazisidir. Çameriada yaşayan etnik Albanlar Yunanıstandan ayrılıb Albaniyaya birləşmək istəyirlər. İndi onların komandası işğal olunmuş torpaqlarımızda, başqa separatistlərlə birlikdə (Abxaziya, Cənubi Osetiya, “DQR” və s.) futbol yarışında oynayır.

Bu arada, Ermənistan Suriyaya daha bir əsgəri heyət göndərib (bir neçə ay öncə göndərdiyi heyəti gücləndirmək üçün). Erməni əsgərləri Suriyaya Rusiyanın hərbi-nəqliyyat uçaqlarıyla gediblər. Suriyada formalaşan bu üçlü (Rusiya - İran - Ermənistan: Rusiya bombalayır, İran quru əməliyyatlarını keçirir, Ermənistan da əraziləri minalardan təmizləyir) birlik də orada Türkiyə ilə geopolitik qarşıdurmada özünə yer etməyə çalışır (Əsəd rejimi bəhanədir).

Bütün bunların ölkəmiz üçün əlavə risklər yaratdığını unutmamalıyıq. Yeri gəlmişkən, bu günlərdə Türkiyə və Azərbaycan əsgərlərinin Naxçıvanda birlikdə hərbi təlimlərə başlaması lap yerinə düşdü.

 





06.06.2019    çap et  çap et