Vaxt.Az

“S-400”lər Azərbaycanda yerləşdirilə bilərmi?


 

ABŞ və Rusiyanı razı salacaq tək variant budur

“S-400”lər Azərbaycanda yerləşdirilə bilərmi? “S-400” hava hücümundan müdafiə sistemləri Türkiyəyə gətirilir. Bu arada, Türkiyə mətbuatında xəbərlər yayılır ki, “S-400” hava hücumundan müdafiə sistemləri Azərbaycan ərazisində yerləşdirilə bilər. Qətər dövlətinin də adı çəkilir. Keçmiş aylarda da bu səpgili xəbərlər yayılmışdı. Türkiyənin 100 hərbçisinin “S-300”ləri öyrənmək üçün Azərbaycanda kurslar keçdiyi xəbəri də yayılıb.

Həm Azərbaycan, həm də Qətər Türkiyənin strateji müttəfiqidirlər. Ona görə də Türkiyənin Azərbaycan və Qətər ərazisindən istifadə etməsi mümkündür. Ancaq əsas sual budur: Türkiyə Rusiyadan adlığı raketləri niyə Azərbaycan və Qətər ərazisində yerləşdirsin?

ABŞ-ın Rusiya raketlərinə görə Türkiyəyə təzyiqi artır. Ona görə də Ankarada bu təzyiqin yumşaldılması mexanimizini fikirləşirlər. Bu mexanizmlərdən biri də Rusiya raketlərinin müvəqqəti olaraq Azərbaycanda və ya Qətərdə yerləşdirilməsi ola bilər. Azərbaycan Qətərdən daha münasib variantdır. Çünki Qətərdə ABŞ-ın hərbi bazası var və Vaşinqton hərbi bazasının yaxınlığında Rusiya raketlərinin olmasını istəməz.

Buna baxmayaraq, Rusiya raketlərinin Azərbaycan ərazisində yerləşdirilməsi də asan məsələ deyil. Azərbaycan parlamentinin qəbul etdiy hərbi doktrinaya görə Azərbaycan ərazisində xarici ölkənin hərbi bazası yerləşdirilə bilməz. “S-400” raketlərinin Azərbaycanda yerləşdirilməsi Türkiyənin Azərbaycanda hərbi baza yerləşdirilməsi mənasına gəlir. Çünki raketlərə qulluğu və nəzarəti türkiyəli hərbçilər yerinə yetirməli olacaqlar. Bu halda Azərbaycan parlamenti doktrinaya düzəliş etməlidir.

Əslində “S-400” raketlərinin Azərbaycanda yerləşdirilməsi ideyası Azərbaycanın təhlükəsizlik maraqlarına cavab verir. Birincisi, bununla həm Türkiyənin Azərbaycanda hərbi bazası rəsmiləşəcək və buna Rusiya etiraz etməyəcək. Çünki həmin hərbi baza məhz Rusiyanın raketlərinə qulluq etmək üçün yaradılacaq. İkincisi, “S-400” raketlərinin Azərbaycanda yerləşdirilməsi işğalçı Ermənistana təzyiq vasitəsi olacaq.

Buna baxmayaraq, “S-400” raketləri birinci növbədə Türkiyənin özünə lazımdır. Ona görə də raketlərin Azərbaycanda yerləşdirilməsi müvəqqəti xarakter daşıya bilər. Həm də bu qərarın verilməsi üçün Rusiyanın rəyi də nəzərə alınmalıdır. ABŞ “S-400” raketlərinin Azərbaycanda yerləşdirilməsinə etiraz etməz. Azərbaycan NATO-ya üzv ölkə deyil. Amerika Türkiyənin raketləri Azərbaycanda yerləşdirməsinə anlayışla da yanaşa bilər. (“Atlas” Araşdırmalar Mərkəzi)

 





10.07.2019    çap et  çap et