Vaxt.Az

Dövlət qulluğunu şikəst edən DİM


 

Qəbul imtahanlarında köməkçi sözlər üzərində qurulan “test tapşırıqları” və “sertifikat biznesi”

Dövlət qulluğunu şikəst edən DİM Ölkənin əsas problemlərindən biri məmurların keyfiyyətidir. Bunun da əsas səbəbi dövlət qulluğuna qəbulun qeyri-obyektiv və qeyri-şəffaf yollarla aparılması idi. Hazırda bu səbəbin təsiri azalıb: qəbul, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən test üsulu ilə aparılır. Lakin indi də başqa problem çıxıb: imtahanların və sualları hazırlayanların öz keyfiyyəti!

Belə ki, imtahanda verilən test tapşırıqlarının əhəmiyyətli hissəsi söz oyunu üzərində qurulur. Bu isə namizədi qanunvericiliyin mahiyyətini öyrənməyə yox, səthi olaraq əzbərləməyə kökləyir. Aydındır ki, bu qədər geniş qanunvericilik proqramını praktiki olaraq əzbərləmək mümkün deyil.

Test tapşırığının şərti verilən variantlar içərisindən doğru olanı tapmaqdan ibarətdir. Variantlarda isə müəyyən bir qanunvericilikdən hər hansısa maddə olduğu kimi götürülüb A, B, C və D variantlarına yerləşdirilir. Sadəcə 1 doğru variantdan başqa qalan digər variantlara cümlənin içərisinə “yalnız”, “amma”, “ancaq”, “digər”, “müvafiq” və s. kimi sözlər salınaraq (və ya həmin sözlər çıxardılaraq) namizədi çaşqın duruma salırlar. Tapşırığı oxuyan namizəd bu sualın bütün variantlarının doğru olduğunu hesab edir və beləliklə, yanlış cavab vermə ehtimalı artır. Və eyni zamanda test variantları arasında qanunun mahiyyətini dəyişməyən sinonim sözlərdən istifadəyə geniş yer verilməsi də namizədlərin “başağrısı” na çevrilib.

DİM-in öz saytında yerləşdirdiyi məlumata əsasən, cari ilin aprel ayında BA qrupu üzrə keçirilmiş test imtahanında iştirak etmiş 444 namizəddən yalnız 35 (8 faiz) nəfəri keçid minimumunu yığa bilib. Nəzərə alsaq ki, DİM publik hüquqi şəxs olduqdan sonra imtahanlar ödənişli (82-129 manat arası) əsaslarladır, onda məntiqi olaraq düşünmək olar ki, imtahanda iştirak edən 444 nəfərdən uzağı 1 faizi təsadüfi hazırlıqsız namizəd ola bilər. Qalan namizədlərin isə hazırlaşaraq imtahandan keçə bilməməyi bu məsələ barəsində ciddi suallar yaradır. Əslində 92 faiz neqativ göstəricinin nəticəsi araşdırılıb, məsələyə hüquqi qiymət verilməlidir. DİM-in təşkil etdiyi bu “test oyunu” namizədlərə kifayət qədər ciddi maliyyə və vaxt itkisinə başa gəlir. Hətta 8-ci dəfə imtahandan kəsilən namizədlər var.

Digər məsələ isə uğur qazanmış namizədlərə verilən sertifikatın qüvvədə olma müddəti ilə bağlıdır. Dövlət qulluğu haqqında qanuna əsasən sertifikatın qüvvədə olma müddəti 5 ildir və şəxs bu sertifikatını qüvvədə saxlamaq üçün hər 5 ildən bir olmaqla əlavə 2 dəfə imtahana girməlidir. Tamamilə absurd və DİM-in maliyyə gəlirlərinin təmin olunmasına hesablanmış yersiz bir maddədir. Sertifikat ömürlük olmalıdır. Bu heç də məmurların vaxtaşırı attestasiyasını istisna etmir...

P.S. Bütün bunların nə ilə nəticələnəcəyini deyim: gənc, savadlı, dürüst, yaradıcı kadrlar bütün bunlardan iyrənərək dövlət qulluğuna getməyəcək. Yenə qalacağıq SSRİ-nin mirası olan bisavad, əliəyri, kütbeyin məmurların əlində. Bəlkə DİM elə məhz bunu istəyir?..

 





10.07.2019    çap et  çap et