Vaxt.Az

Azərbaycan üçün unikal şans ...


 

İran Amerika ilə danışıqlara nə zaman başlayacaq?

Azərbaycan üçün unikal şans ... Donald Tramp administrasiyası İranla müharibə istəmir. Bu bölgə və Amerikanın regional maraqları üçün mənfi nəticələr yaradar. Ona görə də Ağ Ev İrana qarşı siyasətində qamçı ilə yanaşı son zamanlar kökə siyasətindən də istifadə etməyə çalışır. Təsadüfi deyil ki, ABŞ dövlət katibi Mayk Pompeo Tehranı ziyarət etmək və "İran xalqı ilə birbaşa danışıqlar" aparmaq təklifini edib. Əlbəttə, bu təklifin konkret nəyi ehtiva etdiyini söyləmək çətindir. Çünki rəsmilər başqa ölkənin xalqlarıyla danışıqlar aparmırlar. Özü də bəlli olanda ki, Amerikanın məqsədi İranda rejim dəyişikliyinə nail olmaqdır.

Pompeo yazıb ki, İran rejimi onun təklifini qəbul etməyib. Əlbəttə qəbul etməz. Çünki, Amerika həm nüvə sazişindən çıxıb, həm də İranın hazırki rejiminə qarşı yerinə yetirilməsi mümkün olmayan tələblər irəli sürüb. Həmin tələblərin mahiyyəti faktiki odur ki, İranın hazırki hakimiyyəti regional maraqlarından imtina etməli və iqtidarı başqalarına ötürməlidir.

Ancaq prezident Donald Trampın və dövlət katibi Mayk Pompeonun Tehrana ünvanlanan “gəlin görüşək” təklifinin arxasında incə hesab var. Vaxtilə Amerika Şimali Koreyanı da hədələyirdi və Şimali Koreya lideri Amerikaya qarşı nüvə silahından istifadə edəcəyini bildirirdi. Bu gün Amerika və Şimali Koreya liderləri görüşür və fikir mübadiləsi aparırlar. Doğrudur, iki dövlət arasında hər hansı saziş imzalanmayıb, ancaq dialoq atmosferi gərginliyi azaldıb və bu gün heç kim Amerika ilə Şimali Koreya arasında müharibədən danışmır. Tramp ümid edir ki, İran prezidenti də Şimali Koreya lideri kimi onunla görüşməyə razılıq verəcək. Hələ ki, İran prezidenti bu görüşə razılıq vermir. Çünki belə bir görüşə razılıq vermək onun siyasi karyerasının sonu olar. İranda söz sahibi dini lideri və İslam Keşikçiləri Korpusudur. Onlar isə hazırkı şərtlər daxilində Vaşinqtonla dialoqun əleyhinədirlər.

Buna baxmayaraq, İranda iqtisadi və sosial problemlər artır və Tehran çıxış yolları tapmaq məcburiyyətindədir. Tehran ümid edir ki, Donald Tramp ikinci dəfə prezident seçilə bilməyəcək və onun yerinə gələn demokrat prezident Barak Obama kimi Tehranla yenidən nüvə sazişini imzalayacaq. Bu hesablar doğrulmaya da bilər. Fikrimcə, Tramp ikinci dəfə prezident seçilsə, İrandakı müxtəlif dairələr ortaq məxrəcə gələrək hansısa üçüncü dövlətin vasitəsilə Vaşinqtonla dialoq imkanlarını nəzərdən keçirə bilər.

Bu mənada Azərbaycan üçün gələcəkdə unikal şans yarana bilər. Rusiya-NATO dialoqu Bakıda həyata keçirilir. Rəsmi Bakı Vaşinqton-Tehran dialoqunun da Azərbaycan paytaxtına həyata keçirilməsini təklif edə bilər. Bu həm İranın, həm də Amerikanın maraqlarına uyğun olar. Azərbaycan bu iki dövlət arasında müharibə istəmir, eyni zamanda həm İranla, həm də Amerika ilə tərəfdaşlığını artırmaq istəyir. Amerika Azərbaycanın vasitəçiliyinə etiraz etməz. (“Atlas” Araşdırmalar Mərkəzi)

 





31.07.2019    çap et  çap et