Vaxt.Az

SEPAH generalı öldürüldü


 

İsrail Iranın Hizbullah terrorçuları üçün Iraqda hazırladığı bazanı da vurdu

SEPAH generalı öldürüldü İsrail Hərbi Hava Qüvvələrinin F-35 “Adir” qırıcılarının iyulun 19-da endirdiyi raket zərbələri nəticəsində İranın İnqilab Keşikçiləri Korpusunun komandanı, general Əbu Əlfazl Sarabian öldürülüb.

Bu haqda İranın “Young Journalists Club” adlı informasiya agentliyi bildirir.

Məlumata əsasən Sarabianın cənazəsi Tehrana aparılıb, orada vida mərasimi olub və komandan daha sonra doğma şəhəri Girmanşahda dəfn edilib. İraq mənbələri isə bildirir ki, Sarabian raket üçün bərk yanacağın saxlanıldığı zonada raket zərbəsi nəticəsində baş vermiş güclü partlayışda ölüb.

Xəbər verildiyi kimi iyulun 19-da İranın İraqın Səlahəddin bölgəsində yerləşən bazasına hava zərbələrinin endirildiyi məlum olub. Həmin bazada şiə “Həşd əş-Şaab” qruplaşmasının döyüşçüləri, İnqilab Keşikçiləri Korpusunun (SEPAH) təlimatçıları və İrandan gətirilmiş ballistik raketlər yer alırdı.

Həmin zərbələrin İsrail tərəfindən endirildiyi haqda təxminlər əvvəldən səslənirdi, amma Təl-Əviv bu haqda şərh vermir. Bununla belə xarici KİV-lər qeyd edirlər ki, hücumu “F-35” “Adir” qırıcıları həyata keçirib. Bu günlərdə baş nazir Benyamin Netanyahu bildirmişdi ki, İsrailin “F-35” qırıcıları Yaxın Şərqin “istənilən nöqtəsinə” maneəsiz çata bilər və İran bunu nəzərə almalıdır. İsrail neçə vaxtdır ki, İranın Suriyadakı hərbi iştirakına qarşı mübarizə aparır, müntəzəm olaraq Suriyaya hava zərbələri endirir. İraqa hava reydi isə 90-cı illərdən bəri İsrailin bu ölkəyə endirdiyi ilk zərbələrdir. 90-cı illərdə İsrail İraqda nüvə mərkəzini vurmuşdu.

Londonda nəşr edilən ingilisdilli ərəb qəzeti “Asharq al-Awsat” adı açıqlanmayan qərb diplomatik mənbələrinə istinadən yazır ki, iyulun 19-da endirilən zərbələr “İran rəhbərlərini”, habelə İrandan İraqda təzəcə çatdırılmış ballistik raketləri hədəf almışdı.

Məlumatlara görə Suriya rəhbəri Bəşər Əsəd İrandan xahiş edib ki, öz bazalarını onun ölkəsindən çıxarsın. Çünki İsrail həmin bazalara görə Suriyaya tez-tez hava reydləri həyata keçirir. İran isə Suriyadakı şiə yaraqlılarına və “Hizbullah”a göndərdiyi silahları, raketləri saxlamaq üçün İraq ərazisini seçib. İndi isə İranın İraqda qurmağa çalışdığı infrastruktur da İsrail üçün əlçatandır. (virtualaz.org)

 





01.08.2019    çap et  çap et