Vaxt.Az

Zelenski Azərbaycanı seçdi


 

Kiyevlə Bakının hədəfləri ilə bərabər dərdləri də ortaqdır

Zelenski Azərbaycanı seçdi Ukrayna prezidenti Vladimir Zelenski Bakıya iki günlük səfərə gəlir. Bu haqda aylar öncə məlumat almışdım. Sadəcə, bir detalı müəyyənləşdirməyə çalışırdım. Zelenski yalnız Azərbaycandamı olacaq, yoxsa Bakıdan sonra Cənubi Qafqazın digər iki respublikasına da gedəcək? Çünki, bəzi ölkələrin liderləri Cənubi Qafqaza səfər etdikdə bəzən bir ölkəyə səfərlə kifayətlənmirlər, Ya Tiflisdən Bakıya gəlirlər və ya Bakıdan İrəvana gedirlər. Zelenski Cənubi Qafqaz ölkələri içərisində birinci Azərbaycanı seçdi. Bunun bir neçə səbəbi var.

Birincisi, Ukraynanın iqtisadi-ticarət mübadiləsində Azərbaycan həm Gürcüstanı, həm də Ermənistanı üstələyir. Azərbaycanın iki qonşusundan fərqli olaraq Ukraynada yatırımları var, Kiyevdə Dövlət Neft Şirkətinin fəaliyyətindən, yanacaqdoldurma məntəqələrindən və servisindən ağız dolusu danışırlar. Buna baxmayaraq, rəsmi Kiyev Azərbaycanın Ukraynaya daha çox yatırım qoymasını istəyir. İki il əvvəl Ukraynanın iqtisadiyyat nazirinin müavini ilə görüşmüşdüm. O Azərbaycanın Ukraynanın neft terminallarının və dəniz limanlarının özəlləşdirilməsində iştirakını arzuladıqlarını bildirmişdi. Ukrayna Azərbaycan üçün münbit bazardır. Ona görə də dost dövlətə yatırımları artıra bilərik. Ukraynanın Qara dənizdəki limanlarından gəlir etmək mümkündür. Zelenski azərbaycanlı həmkarı ilə iki ölkə arasında ticarət mübadiləsinin artırılması və investisiyalar mövzusunu müzakirə edəcək.

İkincisi, Ukraynanı Azərbaycanla eyni dərd birləşidirir. Donbass probleminin Dağlıq Qarabağ problemindən köklü fərqi yoxdur. Donbasdakı separatizmin tarixi Dağlıq Qarabağın separatizm tarixindən uzun olmasa da, Ukrayna, Rusiya, Fransa və Almaniya liderlərinin son Paris görüşü göstərdi ki, Donbasda sülh əldə etmək çətin olacaq. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyi kimi, Ukrayna da birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Kiyev mütəmadi olaraq erməni separatçılarının Dağlıq Qarabağda keçirdikləri “seçkiləri” pisləyən bəyanatlar yayır, rəsmi Bakı da Krımda və ya Donbasda keçirilən “seçkiləri” tanımadığını açıqlayır. Ukrayna XİN son açıqlamalarında Ermənistanın mövqeyini tənqid edən bəyanatlar da yayır. Çünki BMT-də keçirilən səsvermələrdə Ermənistan Krımı Ukrayna ərazisi kimi göstərən qətnamələrin əleyhinə səs verir. Vladimir Zelenski İlham Əliyevlə görüşdə separatizmlə mübarizə məsələsinə də toxunacaq, iki ölkənin ərazi bütövlüyünün təminatı məsələsi bir daha vurğulanacaq.

Üçüncüsü, Zelenski Bakıda ukraynalıların Bakıdakı icması ilə də görüşəcək. Azərbaycanda yaşayan ukraynalıların sayı Ukraynada yaşayan azərbaycanlıların sayından xeyli azdır. Buna baxmayaraq, Bakıda və Sumqayıtda yaşayan azsaylı ukraynalılar Azərbaycan vətəndaşları kimi iki ölkə arasında əlaqələrin inkişafına çalışırlar. Krım ilhaq olunanda ukraynalıların icmasında çat yaşandı, kiçik qrup Rusiyanın mövqeyini dəstəklədi. Belə olan halda Ukraynanın Azərbaycandakı keçmiş səfiri Mişenko qollarını çırmalayaraq Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qrupun güclənməsində xüsusi rol oynadı, ölkələrinin parçalanmasını dəstəkləyənlər isə icmadan uzaqlaşdırıldı. Hazırda icma aktiv şəkildə fəaliyyət göstərir. Zelenski icma ilə görüşüb onların arzu və istəklərini dinləyəcək.

 





16.12.2019    çap et  çap et