Vaxt.Az

Qondarma rejimin qayğısı ...


 

Separatçılar “seçkini” niyə təxirə salmadılar?

Qondarma rejimin qayğısı ... Martın 31-də işğal altındakı Dağlıq Qarabağda “prezident və parlament seçkiləri” keçirilir. “Prezident seçkisində” 14 namizəd var. “Parlament seçkisində” isə 12 siyasi partiya iştirak edir. 33 yerlik “parlamentə” 361 namizəd var.

Dünya koronavirusla mübarizə apararkən, Ermənistanın özündə virusa yoluxanların sayı artarkən, erməni separatçıları “seçkiləri” təxirə salmadılar. Halbuki, “prezidentliyə” namizədlərdən 4-ü virusla əlaqədar “seçkiləri” təxirə saxlamağa çağırış etmişdilər. Demək, həmin “namizədlərin” virusun Dağlıq Qarabağda yayılması haqqında səhih məlumatları var ki, “seçkini” təxirə salmaqda israr etmişdilər. Ermənistanda virusa yoluxanların sayı 500-ə yaxınlaşmışkən, virus işğalçı orduya da sirayət etmişkən, Dağlıq Qarabağda virusun olmaması inandırıcı deyil. Bölgənin separatçı liderləri sadəcə virusa yoluxma hallarını gizlədirlər. Böyük ehtimalla “seçki” bitdikdən sonra virusa yoluxma hallarını etiraf edəcəklər.

Separatçılar virusun yayılmasına rəğmən, “seçkini” niyə təxirə salmadılar?

Birinci səbəb odur ki, separatçılar “seçkinin” təxirə salınmasının Dağlıq Qarabağda qüvvələr arasında gərginliyi artıra biləcəyini düşünürlər. Təsadüfi deyil ki, “seçki kampaniyası” zamanı namizədlər və onların tərəfdarları arasında bir neçə dəfə ciddi qarşıdurmalar oldu. “Seçki” təxirə salınsaydı, qarşıdurmalar arta bilərdi.

İkinci səbəb isə odur ki, separatçılar “seçkinin” təxirə salmasından Azərbaycanın öz məqsədləri üçün istifadə edə biləcəyini düşünə bilərdilər. Yəni hesab edə bilərdilər ki, Azərbaycan ordusu “seçkinin” təxirə salındığı dönəmdə təzyiqi artıracaq. Ona görə də Dağlıq Qarabağda “hakimiyyət” boşluğu yaranmasın deyə separatçılar “seçkini” təyin olunduğu gün keçirməyə qərar verdilər.

Müxtəlif ölkələrdə, o cümlədən Ermənistanda ciddi karantin rejimi tətbiq edilərkən, Dağlıq Qarabağ erməniləri “seçkidə” aktiv iştirak etməyəcək, “seçki məntəqələrinə” axışmayacaqlar. Belə olan halda separatçılar kvorumu şişirtməyə çalışacaqlar. Əks halda seçici aktivliyinin az olduğunu etiraf etməli olan separatçılar “niyə seçkini təxirə salmadız” kimi ciddi sualla üzləşəcəklər.

“Prezidentlik” uğrunda əsas bir neçə namizəd arasında rəqabətin gedəcəyi proqnozlaşdırılır. Bunlar Dağlıq Qarabağın “keçmiş baş naziri” Araik Arutunyan, “parlamentin sədri” Aşot Quluyan, “xarici işlər naziri” Masis Mailyan və “Təhlükəsizlik Şurasının” keçmiş katibi Vitaliy Balasardyandır.

Errmənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda “prezident” kürsüsündə öz adamını otuzdurmaq istəyir. Paşinyan Araik Arutunyanu dəstəkləyir. Paşinyan ən pis halda Masis Mailyanın da “seçilməsinin” əleyhinə deyil. Vitaliy Balasardyan Paşinyanın düşməninin – keçmiş prezident Robert Köçəryanın namizədidır. Bu şəxs “Təhlükəsizlik Şurasının” katibi olanda Nikol Paşinyanı sərt şəkildə tənqid edir, Robert Köçəryanın həbsini pisləyirdi. Paşinyan o zaman belə deyirdi: “Dağlıq Qarabağı idarə edənlərlə görüşəndə mənə etiraz etmirlər, fikirlərimlə razılaşırlar, elə ki, İrəvana qayıdıram, əleyhimə təbliğat aparmağa başlayırlar, statuslar yazırlar". Paşinyan məhz Vitaliy Balasrdyanı nəzərdə tuturdu. Çünki separatçılardan Paşinyan əleyhinə ən çox Balasrdyan danışır və Ermənistanın baş nazirinin əleyhinə statuslar yazırdı. Ona görə də Paşinyan Bako Saakyana təzyiq edirdi ki, o Balasardyanla bağlı ölçü götürsün. Bako Saakyan Paşinyanın tələbini yerinə yetirmək məcburiyyətində qalaraq keçən ilin iyun ayında Vitaliy Balasardyanı vəzifəsindən uzaqlaşdırmışdı.

Dağlıq Qarabağda “prezident” kimliyindən asılı olmayaraq torpaqların işğalından vaz keçməyəcək. Həmin “prezident” Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasının və azərbaycanlıların geri qayıtmasının da əleyhinə olacaq. Bu məsələlərdə “prezidentliyə namizədlərin” mövqeyi eynidir. Buna görə də Dağlıq Qarabağda “prezidentin” kim olmasının Azərbaycan üçün fərqi yoxdur.

ATƏT-in Minsk Qrupu həmsədrləri koronavirus yayılan günlərdə tərəfləri atəşkəsə riayət etməyə çağıran bəyanat yaydılar. Bəyanatda bu cümlələr yer almışdı: “Koronavirusla bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi tərəfindən aparılan monitorinqlərin dayandırılmasını nəzərə alaraq ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfləri atəşkəs rejiminə ciddi şəkildə əməl etməyə və bu müddətdə gərginliyi artıra biləcək hər hansı təxribatçı hərəkətdən çəkinmək öhdəliyinə bir daha sadiq qalmağa çağırır”.

Həmsədrlər bu bəyanatla tərəfləri xəbərdar etmək istəyirdlər ki, beynəlxalq aləmin virusla mübarizə apardığı dövrdə, o cümlədən vasitəçilərin bölgəyə gəlişlərinin mümkünsüzlüyü nəzərə alınaraq atəşkəsə riayət edilməlidir. Ancaq həmsədrlər virusun geniş yayıldığı dönəmdə Dağlıq Qarabağda “prezident və parlament seçkiləri” ilə bağlı bəyanat yaymadılar, bunun yersiz olduğunu söyləmədilər. Demək, həmsədrlər işğal və etnik təmizləmə şəraitində, o cümlədən virusun yayıldığı günlərdə həyata keçirilən “seçkilərin” əleyhinə deyillər. Yeganə olaraq Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayaraq erməni separatçılarının keçirdiyi “seçkiləri” qəti şəkildə pislədi. Türkiyə XİN-nin bəyanatında həmsədr dövlətlərin separatçıların keçirdikləri “seçkiləri” pisləməsi çağırışı var idi. Bu çağırış həmişəki kimi eşidilmədi. Həmsədr dövlətlər – Rusiya, ABŞ və Fransa Dağlıq Qarabağda beynəlxalq hüquqa zidd “seçkilərə” səssiz qaldılar... (“Atlas” Araşdırmalar Mərkəzi)

 





31.03.2020    çap et  çap et