Vaxt.Az

Qatıq davası


 

Gürcüstan Ermənistan istehsalı olan qida məhsulunun tranzitinə qadağa qoyub

Qatıq davası Gürcüstan Ermənistanda istehsal olunan “Matsun” əmtəə nişanlı süd məhsulunun (qatıq - red.) öz ərazisi vasitəsilə Rusiyaya tranzitini qadağan edib. Bu barədə “Armenpress” agentliyi məlumat yayıb.

Bildirilib ki, buna səbəb Gürcüstanın “matsoni” adını özünün coğrafi göstəricisi kimi qeydiyyata almasıdır. Ermənistan istehsalçıları matsunu Rusiyaya Gürcüstan üzərindən “erməni dağ yoqurtu” adı altında ixrac etməyə məcbur olublar.

Ermənistanın İqtisadiyyat Nazirliyindən bildirilib ki, ölkə hələ 2011-ci ildə “matsoni” adının qeydiyyatı ilə bağlı Avropa İttifaqı və Gürcüstanın müvafiq orqanlarına etiraz bildirsə də, bu, diqqətə alınmayıb. Qeyd olunub ki, Ermənistan hökuməti gürcü həmkarları ilə coğrafi göstəricilərin istifadəsinin dəqiqləşdirilməsi üzrə addımlar atır.

Ermənistanın süd məhsulları istehsalçıları öz növbələrində bildiriblər ki, Gürcüstan “matsoni” adını coğrafi göstərici kimi çoxdan qeydiyyata alıb və son zamanlara qədər heç bir tələb irəli sürülməyib, nə qadağa, nə də maneə olub.

Qeyd edək ki, matsoni gürcü qatıq qida məhsulunun adıdır. Gürcüstan bu adı özünün coğrafi göstəricisi kimi 2012-ci, Aİ isə bu göstəricinin Gürcüstana məxsusluğunu 2014-cü ildə qeydiyyata alıb. (“Report”)

 





08.02.2022    çap et  çap et