Vaxt.Az

“Çıxış yoxdur!”


 

ƏSA Teatrında növbəti premyera

“Çıxış yoxdur!” Azərbaycanın ilk inklüziv teatrı olan ƏSA Teatrının yeni tamaşasının – “Çıxış yoxdur!” fəlsəfi dramının premyerası anşlaqla keçib.

Akademik Rus Dram Teatrının səhnəsində nümayiş olunan tamaşa məşhur fransız yazıçı, ədəbiyyat üzrə Nobel mükafatçısı Jan-Pol Sartrın "Bağlı qapılar arxasında" əsəri (1944) əsasında hazırlanıb.

Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, prodüseri Nicat Qulam, işıq üzrə rəssamı Binyamin Sailovdur. Səhnə əsərində Elşən Əsgərov, Səmayə Ağayarova, Lalə Süleymanova, İmran Lalayev, Elsevər Rəhimov, Aysel Feziyeva və Gülçin Qasımova çıxış edirlər.

Teatrdan verilən məlumata görə, tamaşanı mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev və Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin əməkdaşları da izləyiblər.

Nümayişdən sonra yaradıcı heyətlə görüşən Elnur Əliyev tamaşanın xarici festivallarda ölkəmizi təmsil edə biləcəyini deyib, teatrın kollektivinə uğurlar arzulayıb.

Qeyd edək ki, ƏSA Teatrının öz səhnəsi olmadığından tamaşa nümayişlərini ayda bir dəfə Akademik Rus Dram Teatrının səhnəsində həyata keçirir.

 





12.02.2022    çap et  çap et