Vaxt.Az

Növbədənkənar seçki ola bilərmi?


 

İqtidar və müxalifət eyni fikirdədir

Növbədənkənar seçki ola bilərmi? Azərbaycanda yenidən növbədənkənar parlament seçkilərinin keçiriləcəyi haqqında şayiələr dolaşmaqdadır. Xüsusilə, yay aylarında guya parlamentin buraxılacağı və ilin sonuna qədər erkən seçki keçiriləcəyi barədə müxtəlif iddialar səsləndirilir. Bu kimi fikirlər 2020-ci ilin fevralın 9-da baş tutan parlament seçkilərindən sonra Milli Məclisin boş qalan dairələrinə yenidən seçkilərin keçirilməməsi ilə əlaqələndirilir.

Maraqlıdır, növbədənkənar seçkinin keçirilməsi mümkündürmü? Bu haqda iqtidar və müxalifət təmsilçiləri nə düşünürlər?

Mövzu ilə bağlı danışan deputatlar parlamentin növbəti dəfə buraxılmasını istisna edirlər.

Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, deputat Aydın Mirzəzadə düşünür ki, növbədənkənar seçkilərlə bağlı ortaya atılan fikirlər şayiədən başqa bir şey deyil:

“Hazırda fəaliyyət göstərən parlament üzvləri növbədənkənar seçkilərdə seçiliblər. Yeni, vətənpərvər insanlar seçildilər və parlamentdə özlərini müsbət tərəfdən göstərirlər. Hazırda elə bir şərt yoxdur ki, növbədənkənar seçkilər keçirilsin.

Boş qalan yerlərlə bağlı vəziyyət imkan verən kimi seçkilər keçiriləcək. Bilirsiniz ki, artıq koronavirus pandemiyasının yeni dalğası bütün dünyanı, o cümlədən Azərbaycanı bürüyüb. Yoluxma ilə bağlı durum stabilləşəndə yenidən seçki keçirilə bilər”.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa da həmkarı ilə eyni fikirdədir:

“Pandemiya dövründə necə seçki keçirilsin? Parlament öz fəaliyyətini qənaətbəxş şəkildə davam etdirir. Seçki zərurətdən irəli gəlir. İndiki vəziyyətdə heç bir zərurət yoxdur. Hərə bir ssenari ortaya qoyur. Amma bu, şayiədir. Boş qalan yerlərə təkrar seçki keçirilə bilər, bu istisna deyil. Növbədənkənar seçkilərə isə dediyim kimi, zərurət yoxdur”. (Modern.az)

 





20.02.2022    çap et  çap et