Vaxt.Az

Qiymətlər rekorda yaxınlaşır


 

ABŞ Rusiya neftindən imtinanı müzakirə edir

Qiymətlər rekorda yaxınlaşır Birjalarda neftin qiyməti son 10 ildə rekord səviyyədə yüksələrək 1 bareli 130 dollara çatıb. ABŞ Dövlət Katibinin Rusiya neftindən imtina müzakirələrinin apardığı ilə bağlı açıqlamasından sonra neft bazarına psixoloji təzyiqlər güclənib. Digər tərəfdən, ABŞ qanunverici orqanı da Rusiyanın yalnız xam neftindən deyil, həmçinin enerji məhsullarından imtina ilə bağlı araşdırmaların aparıldığı bildirib.

Bu arada Qərb ölkələrinin İranı yenidən neft bazarına qaytarmaqla danışıqlar apardığı bəlli olub. 157 trilyon barel neft ehtiyatları ilə dünyada 4-cü ən böyük rezervlərə malik olan cənub qonşumuz gündəlik 2.4 milyon barel neft hasil edir. Gündəlik 1 milyon barelə yaxın xam neft ixracatı olan İran dünya rezervlərinin 1/10-ə malikdir.

Bununla belə, İran gündəlik neft hasilatını qısa zamanda sanksiyalardan əvvəlki səviyyəyə- gündəlik 4.5 milyon barelə çatdırmaq imkanlarına malikdir. Bu isə cənub qonşumuzun daha qısa zamanda qlobal neft bazarına daxil ola biləcəyi anlamına gəlir.

Qərb daha qısa zamanda Rusiyanın gündəlik 5 milyon barellik neft ixracatını alternativ mənbələr hesabına əvəzləməyə çalışır. Bu isə o deməkdir, Qərb ölkələri qərarlı olduqları halda Rusiyanın qlobal neft bazarından çəkiləcəyi gün heç də uzaqda deyil.

Rəsmi Vaşinqtonun OPEC-ə hasilatın artırılması ilə bağlı açıq mesajlar göndərəcəyi də gözləniləndir. Bununla da Qərb OPEC vasitəsi ilə Rusiya ixracatına digər alternativ mənbənin əldə edilməsinə və qiymətlərin kəskin artımının qarşısını almağa çalışacağı istisna deyil.

 





07.03.2022    çap et  çap et