Qeyd edim ki, ekspertlər Almaniya üçün alternativ karbohidrogen tədarükçüləri kimi Böyük Britaniya, Norveç və Hollandiyanı qeyd edirlər.
Bütövlükdə Avropa üçün alternativ mənbələr arasında ABŞ, Qətər, Liviya və Azərbaycanın adı hallanır. Bununla yanaşı. ABŞ-ın Venesuela və İranla danışıq apardığı da iddia olunur.
Qeyd edim ki, qısa müddətdə alternativlər tapmaq və onları Avropa bazarında səfərbər etmək mümkün deyildir. Liviyanın neft və qaz naziri Məhəmməd Aun bildirib ki, ölkə yalnız 5-7 ildən sonra Avropa üçün Rusiya neftini əvəz edə biləcək. Azərbaycana gəlincə, bu il Avropa bazarına 9 milyard kub metr qaz göndərəcək ki, bu da Avropa qaz idxalının 2 faizi, qaza cəmi tələbatının 1,5 faizi qədərdir. Azərbaycanın yaxın illərdə Avropaya qaz tədarükünü 10-13 milyard kub metrə qədər artırmaq imkanı vardır. 2030-cu ilədək Azərbaycanın Avropaya qaz ixracı 18-20 milyard kub metrə qədər arta bilər ki, bu da Avropanın qaz idxalının 4 faizi deməkdir. Lakin bunun üçün TAP kəmərinin ötürücülük qabiliyyəti 2 dəfə artırlmaldır ki, bu da əlavə sərmayələr və zaman tələb edir.