Vaxt.Az

Faşizmin 14 əlaməti


 

Umberto Ekodan günümüzə baxış

Faşizmin 14 əlaməti Dünyanın məşhur yazarlarından biri Umberto Ekonun (Umberto Eco) faşizmin 14 əlaməti haqqında tezisləri var. Əvvəlcədən onu deyim ki, “nasizm” və “faşizm” eyni deyil, amma kəsişdiyi məqamlar var, Umberto Ekonun 14 tezisi bu məsələni də anlamağa kömək edir, tezislərə və onların bu günün Rusiyasında təzahürünə baxaq:

1. Ənənələrin kultu – Eko yazırdı ki, ənənələrin kultu faşizmə “insani sifət” vermək, cəlbedicilik üçün lazımdır. Bu günün Rusiyada bənzər proseslər gedir, hətta “konservatizmi” yeni bir “ideoloji” xəttə çevirmək cəhdi var,

2. Modernizmə şübhəli yanaşma, qəbullanmaq problemi – Eko bu tezisi ona görə qeyd edib ki, faşizm modernizmi ənənəçiliyə təhdid kimi görürdü. Bu günün Rusiyasında tam da elə deyil, texniki və elmi modernizmə açıq bir cəmiyyətdir, amma modernizmin fəlsəfi tərəflərinə qapıları bağlayır,

3. Fəaliyyət naminə hərəkət kultu – yazıçı bu tezisi “faşizmin” əsas görüntülərindən biri sayır. Doğrudur, o bunu mədəniyyətlə bağlayırdı, hətta, Gebbelsin, “Hər dəfə “mədəniyyət” sözü eşidəndə silahıma əl atıram”, sözləri ilə izah edirdi. Bu günün Rusiyasına baxanda bu tam da belə deyil, amma fəaliyyət naminə hərəkət kultunun iqtisadiyyatda, sosial həyatda, xarici siyasətdə açıq elementləri var,

4. Sinkretizmin heç bir forması tənqidə tab gətirə bilməz –faşizmə görə dövlətin əsas xətti ilə razılaşmayanlar xaindirlər. Bu günün Rusiyasına bu tezis tam uyğun gəlir,

5. Orta təbəqəyə güvənmək –faşizm proletarlara güvənmədiyi üçün əsas dayağını orta sinifdə, kiçik sahibkarlarda və burjuaziyada axtarırdı. Bu günün Rusiyasında bu tezis yoxdur, ya da, çox zəifdir, yəni, məhz bu tezisin elementləri Rusiyada görünmür,

6. Millətçilik, komple nəzəriyyələrinə bağlılıq –etnik millətçilik mütləq komple nəzəriyyələri ilə qidalanır, xalqı əldə saxlamağa kömək edir. Bu günün Rusiyasında etnik millətçilik azdır (bu zatən mümkün deyil, əhalinin yarısı etnik rus deyil), amma vətəndaş millətçiliyi şovinizmlə əvəz olunub, bu teoriyalar Kreml rejiminin ana təbliğat xəttidir,

7. Düşmən, güclü, vahiməli, amma eyni zamanda zəif kimi təsvir olunur –faşizm üçün düşməni güclü göstərmək vacib idi ki, konsalidasiyaya nail olmaq mümkün olsun, amma həm də zəif təsvir etmək lazım idi ki, xalqa “özgüvən” aşılansın. Bu günün Rusiyasında bu tezis birə-bir üst-üstə düşür,

8. Həyat davamlı müharibədir, pasifizm düşmənlə əməkdaşlıqdır –faşizm həyat üçün mübarizə üzərində deyil də, mübarizə üçün həyat nəzəriyyəsi üzərində qurulub. Bu gün Rusiyada həmin tezisin əks-sədası aydın eşidilir. İndi Rusiyada, “müharibəyə yox” şüarına görə insanlar həbs edilir – bəlkə də, dünyada yeganə ölkədir ki, müharibə istəməmək cəzalandırılır,

9. Ksenofobiya, irqçilik – Eko bu tezisi faşizmin dayağı hesab edirdi. Bu gün Rusiyada tam da elə deyil, ədalətli olaq, amma əlamətləri hər gün sürətlə artan bir xətdir,

10. Zəiflərə və zəifliyə nifrət – Umbertoya görə faşizm elitizm üzərinə qurulmuşdu, elitada isə zəiflərə yer yoxdur. Bu gün Rusiyada, açığı, məhz bu tezisin əlamətləri çox azdır,

11. Qəhrəmanlıq və ölüm kultu –qəhrəmanlıq kultu faşizmdə davranış qaydalarını yönəltmək üçün vacib tezisdir. Rusiyada bu gün hər ikisi var – hətta Putinin, “Dünya dağılsa və biz ölsək cənnətə, düşmənlərimiz isə cəhənnəmə düşəcək”, tezisi bu kultu tam ehtiva edir,

12. “Maçoluq”, qeyri-standart cinsi davranışın rədd edilməsi – Umberto faşizm ideologiyasında “maçoluq və kişilik” yanaşmasının vacib olduğunu deyirdi. Bu gün Rusiyada birə-bir belə yanaşma var – Putinin yarıçılpaq fotosesiyalarını da xatırlayaq.

13. Populizmin seçkili tətbiqi –faşizmin nəzərində fərdin heç bir şəxsi hüququ yoxdur, Xalq isə ümumi iradəni ifadə edən keyfiyyət, monolit birlik kimi görünür. İnsan əslində kollektiv iradəyə malik ola bilmədiyi üçün Rəhbər hamını təmsil etdiyini iddia edir. Elə bil bu günün Rusiyası haqqında yazılıb,

14) “Yeni dildən” (“Newspeak”) istifadə - Eko bu tezisin adını Corc Ourelin (George Orwell) “1984” əsərindən götürüb, izah etmək istəyir ki, faşizm yeni ifadələr, terminlər icad etməklə öz diskursunu yaymağa çalışır. İndi Rusiyada tam da belə deyil, amma təbliğat maşınının iyrəncliyi artıq tam hiss olunur.

Sonda onu demək istəyirəm ki, Ekonun faşizmi izah edən 14 tezisindən bir çoxu bu günün Rusiyasında var, görünür, cücərtiləri səpilir – məhz bu on milyonlarla insanların həyatına birbaşa təhlükədir, bu trend böyük Rusiya Xalqının gələcəyini qaranlığa bürüməklə yanaşı, dünyaya da təhdiddir. Amma hələ də 14 tezisin tamamı Rusiyada bərqərar olmayıb, bu isə ölkənin müsbətə dəyişə biləcəyinə ümid yaradır...

 





22.03.2022    çap et  çap et