Vaxt.Az

Hər şeydən əvvəl cazibə vardı


 

...Yaxud Nyutonla Eynşteyni birləşdirən nədir?

Hər şeydən əvvəl cazibə vardı 335 il əvvəl - 1687-ci ildə İsaak Nyutonun 3 cildlik fundamental əsəri işıq üzü gördü. “Natural fəlsəfənin riyazi prinsipləri” (“Philosophiæ Naturalis Principia Mathematica”) adlı bu əsər müasir fizika ilə astronomiyanın əsasını qoydu. Dahi ingilis alimi hərəkətin 3 qanununu - klassik mexanikanın əsası, cazibə qanunu və Keplerin planetar hərəkət qanunu yazmışdı. Bu kitab elmdə o günədək görülməmiş bir sıçrayışa səbəb oldu, o, insanoğluna Kainatın necə qurulmasını göstərdi, Eynşteynin nisbilik nəzəriyyəsi üçün cığır açdı.

Kopernik, Qaliley və Kepler ona qədər bu tarixi kəşfə gedən yolun əsasını qoymuş, müşahidə etdikləri fenomenal hadisələri təsvir etmişdilər. Ancaq Nyuton natural fəlsəfənin (o vaxt fizika belə adlanırdı) predmetini dəyişdi - universal təbiət qanunlarını araşdırmağa başladı. Nyutonun qravitasiya nəzəriyyəsi dəqiq elmlərin yeni konsepsiyasını yaratdı və fiziki nəzəriyyə ilə onun ciddi isbatı empirik müşahidə üzərində birdəfəlik üstünlük qazandı.

“Təsir əks təsirə bərabərdir” - bu gün Nyutonun III qanunu fizika qanununun ciddi xülasəsi kimi deyil, bir pop-psixologiya ştampı kimi səslənir. Ancaq bu elmi əsər bir inqilab, insanın təbiət üzərindəki zəfəri idi. Bu əsər Aristotelin “Göy cisimləri elmləri ilə yer elmləri arasında ortaq heç nə yoxdur” düşüncəsinin alt-üst edilməsi idi. Bəşəriyyətə tarixi bir çağırış idi həm də.

***

Nyutona qədər Yerdə və fəzada cisimlərin hərəkətləri izah edilə bilmirdi. Çoxları elə hesab edirdilər ki, insanın taleyi qorxulu ruh və iblislərin  fitnələri, hiylələrilə təyin olunur. Cadugərlik, mövhumat, xurafat və ovsunlama Avropanın elmi mərkəzlərində ciddi müzakirə olunurdu. Elm bugünkü anlamda mövcud deyildi.

Yunan filosofları və xristian teoloqları cisimlərin istək və emosiyalarla hərəkət etdiyini düşünürdülər. Aristotelin ardıcıllarına görə hərəkətdə olan cisimlər zamanla “yorulur” və sürətlərini azaldırlar. Cisimlər yerə ona görə düşürlər ki, Yerlə birləşməyi “arzu edirlər” - o vaxtkı alimlər belə izah edirdilər.

Ruhların xaotik dünyasına nizamı gətirəcək adam Albert Eynşteynin tam tərsi idi. Temperamenti və xarakterinə görə ondan xeyli fərqlənirdi. Əgər Eynşteyn ünsiyyəti sevən, insanlarla dialoqu sevən biri idisə, Nyuton özünə qapalılığı və paranoyaya meyilli olması ilə tanınırdı. Şübhəçi idi, hamı ilə münaqişə edir, elmi prioritetinin üstünlüyünü gözə soxurdu. Çox azdanışandı, hətta o qədər ünsiyyətdən qaçırdı ki, Britaniya parlamentinin üzvü olduğu müddətdə iclaslarda cəmi bircə cümlə söyləmişdi: hava cərəyan etdiyi üçün pristavdan pəncərəni bağlamağı xahiş etmişdi.

Ancaq alim kimi Nyuton da, Eynşteyn də dahi idilər, onları çox şey birləşdirirdi. Hər ikisi həftələrlə, hətta aylarla evdən çıxmadan çalışa bilir, fiziki olaraq tükənənə qədər yazıb, pozurdular.

Və hər ikisi Kainatın sirlərini açaraq, onları sadə şəkildə təsvir etməyə nail oldular…

 





02.04.2022    çap et  çap et