Vaxt.Az

Buça qətliamı BMT-də


 

Təhlükəsizlik Şurası diqqəti mülki şəxslərin qətlinə yönəldir

Buça qətliamı BMT-də BMT-nin Təhlükəsizlik Şurasının çərşənbə axşamı keçirilən iclasda diqqəti Ukraynada mülki şəxslərin qətlinə yönəldəcək. Bundan bir gün öncə isə ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putinin müharibə cinayətləri səbəbilə mühakimə olunmalı olduğunu söyləyib.

Çərşənbə axşamı keçirilən iclasda BMT-nin baş katibi Antonio Quterreş və BMT-nin humanitar idarəsinin başçısı Martin Qriffit brifinq edəcək, habelə Ukrayna Prezidenti Vladimir Zelenski müraciətlə çıxış edəcək.

Bu ay şuraya Britaniya rəhbərlik edir və Britaniyanın BMT-dəki səfiri Barbara Vudvard müxbirlərə deyib ki, Rusiyanın Ukraynana hərbi müdaxiləsi zamanı mülki vətəndaşların öldürülməsi məsələsi “başda və mərkəzdə” olacaq.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bazar ertəsi deyib ki, o bu məsələni, o cümlədən son günlərdə Ukrayna paytaxtı yaxınlığında Rusiya qoşunlarının vəhşiliklər etdiyi iddia olunan Buçadakı vəziyyəti Quterreşlə müzakirə edib.

“Ukrayna sübutlar toplamaq və rusiyalı müharibə cinayətkarlarını cavabdeh tutmaq üçün BMT-nin bütün mövcud mexanizmlərindən istifadə edəcək”, Kuleba “Twitter”də yazıb.

Moskva Buçada mülki şəxsləri öldürüldüyünə dair ittihamları rədd edib. Rusiya Xarici işlər nazizi Sergey Lavrov orada olanları “Rusiya əleyhinə səhnələşdirilmiş təxribat” adlandırıb. Rusiyanın BMT-dəki səfiri deyib ki, o, çərşənbə axşamı Təhlükəsizlik Şurasının iclasına “fakta əsaslanan sübutlar” təqdim edəcək.

“Maxar Technologies” peyk şirkətinin sözçüsü bazar ertəsi bəyanatda bildirib ki, martın ortalarında Buça üzərində əldə olunan görüntülər “bu yaxınlarda sosial mediada küçələrdə cəsədlərin olduğunu və onların həftələr boyu orada qaldığını göstərən video və fotolar” təsdiq edir.

Britaniyanın müdafiə nazirliyi çərşənbə axşamı deyib ki, Ukrayna qüvvələri “Rusiya qüvvələrini Çerniqov ətrafı və Kiyevin şimalından geri çəkilməyə məcbur edəndən” sonra ölkənin şimalı hissəsində əraziləri geri alıblar. Nazirlik əlavə edib ki, həmin Rusiya qüvvələrinin Ukraynanın şərqində döyüşə hazır olmaları üçün “böyük ehtimalla yenidən təchiz olunmağa” ehtiyacları olacaq.

Ukrayna baş qərargahlar rəisi deyib ki, hazırda Rusiyanın əsas diqqətində şərqdəki Donetsk və Luhansk regionlarıdır və həmin ərazilər üzərində “tam nəzarəti” təmin etmək üçün qoşunlarını yenidən qruplaşdırır.

Buça və digər şəhərlərdə dağıntı səhnələri Moskvaya qarşı ciddi qınaqlara səbəb olub.

İtaliya və Danimarka çərşənbə axşamı Rusiya diplomatlarını ölkədən çxıardıqlarını elan edib. Bundan öncə Litva, Fransa və Almaniya da bənzər addımlar atıb.

“Xatırlayırsınızsa, mən Putini müharibə cinayətkarı adlandırdığıma görə tənqid olunmuşdum,” Bayden bazar ertəsi müxbirlərə deyib. “Həqiqət budur ki, siz Buçada baş verənləri gördünüz. Bu onun hərbi cinayətkar olduğunu sübut edir. Amma biz məlumat toplamalıyıq”.

“Bu insan qəddardır və Buçada baş verənlər biabırçılıqdır və hər kəs bunu görür,” Bayden Putinə istinad edərək bildirib. “Bəli mən sanksiyalar əlavə etməyə davam edəcəyəm”, Bayden əlavə edib.

ABŞ Dövlət Departamenti bildirib ki, Vaşinqton Ukraynanın tələbi ilə iddia olunan vəhşiliklərlə bağlı sübutlar toplayacaq çoxmillətli prokuror komandasını dəstəkləyəcək.

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen cümə günü “Twitter”də yazıb ki, Avropa İttifaqı ona “müharibə cinayətlərini sənədləşdirməyə” yardım etmək üçün Ukraynaya təhqiqatçılar göndərəcək.

Von der Leyen və Aİ-nin xarici işlər idarəsinin başçısı Cosep Borell ukraynalı qaçqınlar və məcburi köçkünlər üçün pul və başqa ianələr toplamaq üçün keçirilən tədbirdən öncə bu həftə Kiyevə səfər edərək, Zelenski ilə görüşməyi planlaşdırır.

Zelenski bazar ertəsi Buçanı ziyarət edib və televiziyada yayımlanan çıxışında xalqa deyib ki, Moskvanın göndərdiyi qoşunların etdikləri vəhşiliklər üzə çıxdıqca müharibəyə son qoymaq üçün Rusiya ilə danışıq aparmaq daha da çətinləşib.

Zelenski deyib ki, mülki şəxslərin iplə bir-birinə bağlanıb, yaxın məsafədən güllələndiklərinə dair dəlillər, kütləvi məzarlıq və Buça şəhərində cəsədlərin olması onu göstərir ki, “bunlar müharibə cinayətləridir və dünya tərəfindən soyqırım olaraq tanınacaq”.

Zelenski daha sonra Rumıniya parlamentinə video müraciətində deyib ki, o, daha da pis vəhşiliklərin törədildiyi başqa yerlərin olduğundan qorxur.

“Bizdə daha çox insanın öldürüldüyünə inanmaq üçün əsaslar var,” o deyib. “Indi bildiyimizdən daha çox”.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib ki, Buçadakı görüntülər “bu vəhşiliklərin özbaşına hərəkət edən əsgərin əməlləri olmadığına işarə edir. Bunlar daha genişmiqyaslı, narahatedici kampaniyanın bir hissəsidir. Bu vəhşiliklərə görə cavabdeh olanlar məsuliyyətə cəlb olunmalıdır.”

“Reuters” bazar ertəsi bildirib ki, Birləşmiş Ştatların Maliyyə Nazirliyi Rusiyanın 600 milyondan çox dövlət borcunu ödəmək üçün Amerika banklarında saxladığı ehtiyatlarını istifadə etməsinin qarşısını alıb və bu da Rusiya borcunun defolt etmək ehtimalını artırıb.

“Rusiya geridə qalan dəyərli dollar ehtiyatlarını və ya yeni gəlirlərini tamamilə xərcləməklə defolt etmək arasında seçim etməlidir”, Maliyyə Nazirliyinin sözçüsü “Reuters”ə bildirib.

Qərb liderləri Rusiyaya qarşı əlavə iqtisadi sanksiyalar tətbiq etmək ehtimalını müzakirə edirlər. Buna enerji idxalına məhdudiyyətlər tətbiq etmək daxildir. Lakin Avropa Rusiyadan bir neçə enerji növündən asılıdır və bu da Qərb müttəfiqləri arasında hər hansı bir azalmanın miqyası və vaxtı ilə bağlı fikir ayrılığı yaradır.

Avropa təbii qazının 40 faizini, neftinin isə 25 faizini Rusiyadan alır. Avropa hökumətləri iqtisadi artıma əngəl olmadan bu asılılığı azaltmağın yollarını tapmağa çalışırlar. Litva həftə sonu Rusiyadan neft idxalını tamamilə dayandırdığını elan edib.

Almaniyanın vitse-kansleri və iqtisadiyyat naziri Robet Habek deyib ki, Avropa Rusiyaya qarşı sanksiya tətbiq etmək üçün “əhəmiyyətli dərəcədə irəli gedə” bilər. O deyib ki, Rusiyadan enerji idxalını dayandırmaq üçün uzun-müddətli yanaşma tətbiq etdiyi üçün qınaqla üzləşən Almaniya Rusiyadan kömür idxalını bu yay, neft idxalını isə ilin sonunadək dayandırmağı ümid edir.

“Biz hər gün embarqo tətbiq etmək üçün şərait yaratmaq və addımlar atmaq üzərində işləyirik. Biz doğru yoldayıq”, Habek deyib.

Polşanın baş naziri Mateuş Moravieki Fransa və Almaniya liderlərini Rusiyaya qarşı daha çox tədbir görmədiklərinə görə tənqid edə və “Putinin müharibə maşınını sındıracaq” tədbirlərin görülməsinə çağırıb.

“Rus əsgərlərinin törətdiyi qanlı qırğınları öz adı ilə çağırmaq lazımdır: Bu, soyqırımdır”, o deyib.

 





05.04.2022    çap et  çap et