Vaxt.Az

“Qulunuz olmağa hazırıq”


 

Separatçıların Rusiyaya göndərdiyi mesaj ...

“Qulunuz olmağa hazırıq” Ermənistan müxalifəti və Qarabağdakı separatçılar Brüssel görüşünü belə dəyərləndirirlər;

1. Baş nazir Nikol Paşinyan Qarabağın taleyinə biganədir;

2. Avropa İttifaqı Rusiyanı Qarabağdan sıxışdırmaq istəyir;

3. Ortaq bəyanatda “Dağlıq Qarabağın” və “Minsk Qrupunun” xatırlanmaması ermənilərin zərərinədir.

Bu arada, Nikol Paşinyan hökumətin iclasında Brüsseldə Fərrux kəndi və yüksəkliyinin itirilməsindən ona görə danışmadığını belə izah edib ki, “bu məsələnin Avropa İttifaqına dəxli yoxdur, orada rusiyalı hərbçilər olduğuna görə problemin həlli Moskva ilə müzakirə edilməlidir”. Paşinyan Fərruxun “itirlməsinə” görə Rusiyanın ünvanına daş atmağı da unutmayıb: “Fərruxun yenidən nəzarətə götürülməsi üçün Rusiya hərbçilərdən qəti addımlar gözləyirik. Rusiyalı hərbçilərin fəaliyyətinin araşdırılması məqsədilə Rusiya prezidenti Vladimir Putinlə bir neçə telefon danışığım olub”.

Əslində, Paşinyana, ona müxalifət olanlara və separatçılara da aydındır ki, Fərruxu da itiriblər, Minsk Qrupu da arxivə göndərilib, Avropa İttifaqı da Qarabağdan deyil, Azərbaycanla Ermənistan arasındakı məsələlərin həllindən danışmaq istəyir. O ki qaldı, Qarabağ separatçılarının “bölgə Rusiyaya birləşdirilsin” kimi cəfəng ideyalarına, yəqin Donbas, Abxaziya və Cənubi Osetiyanın yolunu getmək istəyirlər. Ancaq xəritəyə baxsalar da anlamırlar ki, Donbas, Abxaziya və Cənubi Osetiyadan fərqli olaraq Qarabağın Rusiya ilə sərhədi yoxdur, bu “birləşməni” necə təsəvvür edirlər? Sadəcə bununla Rusiyaya mesaj göndərirlər ki, “qulunuz olmağa hazırıq, yetər ki, Azərbaycanı dayandırın”.

 





07.04.2022    çap et  çap et