Vaxt.Az

Gürcüstana da dəstək gücləndirəcək


 

Rusiya təcavüzü təhlükəsində olanların müqaviməti artırılacaq

Gürcüstana da dəstək gücləndirəcək ABŞ dövlət katibi Entoni Blinken aprelin 7-də bildirib ki, Vaşinqtonu Rusiyaya qarşı döyüşən Ukraynaya daha çox silah göndərməkdən heç bir qüvvə saxlaya bilməz.

NATO-nun Brüsseldəki qərargahında keçirilən nazirlər müşavirəsində Blinken deyib ki, ABŞ hazırda Ukraynaya daha hansı yeni silahların göndəriləcəyini nəzərdən keçirir.

O bəyan edib ki, hazırda Ukraynanın yanında olmaq qətiyyəti hər zaman olduğundan daha güclüdür.

Blinken bunu da bildirib ki, Ukrayna ilə hər hansı mənalı diplomatik təmaslarda olub-olmamaq Rusiyanın öz seçimidir.

Dövlət katibi deyib ki, Buça şəhərində baş vermiş qətliam sülh danışıqlarının başlıca faktoru deyil, amma Rusiya qüvvələrinin Ukraynanın başqa yerlərində də “vəhşiliklər” törətdiyi ehtimal olunur: “Buçadan başqa Rusiyanın işğalında olan və hələ də onun işğalında qalan çox şəhərlər var və biz ehtimal edirik ki, Rusiya əsgərləri hazırda daha çox vəhşiliklər törətməklə məşğuldurlar”.

***

Ukraynanın xarici işlər naziri aprelin 7-də NATO-ya müraciətlə bildirmişdi ki, Rusiyanın öz qüvvələrini ölkənin cənub-şərqində yenidən qruplaşdırdığı bir vaxtda Kiyevin daha çox silaha ehtiyacı var.

Kuleba deyib ki, Putini yerində oturtmağın və Rusiya ordusunu məğlub etməyin ən yaxşı yolu onun ölkəsinin bütün lazımi silahlarla təchiz edilməsidir.

Ukrayna naziri bildirib ki, o NATO ölkələrindən daha çox silah göndəriləcəyini gözləyir, lakin əsas məsələ bunun mümkün qədər tez baş verməsidir:

“Məsələ silah siyahısında deyil, bu silahların çatdırılması üçün vaxt cədvəlindədir”.

NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, müttəfiqlər Buçada törədilmiş vəhşiliklərin fotolarını gördükdən sonra Ukraynaya dəstək verilməsində daha qətiyyətlidirlər.

NATO-nun rəsmi saytında dərc olunmuş məlumatda habelə deyilir ki, alyans nazirləri Rusiya təcavüzü təhlükəsində olan başqa partnyorların, o cümlədən Gürcüstan və Bosniya-Herseqovinanın müqavimətinin artırılması barədə razılığa gəliblər.

Xəbər verilir ki, NATO nazirlərinin iclasına Ukrayna, Gürcüstan, Finlandiya, İsveç və Avropa İttifaqından olan həmkarlar da qatılmışdılar.

Nazirlər razılığa gəliblər ki, NATO-nun yeni Strateji Konsepsiyası iyun ayında keçiriləcək sammitdə yekunlaşdırılsın.

 





08.04.2022    çap et  çap et