Vaxt.Az

ƏJDƏR 8,5 il həbsdə OLacaq


 

ƏƏSMN Aparat rəhbərinin 2 milyonluq əmlakı üzə çıxıb

ƏJDƏR 8,5 il həbsdə OLacaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş Aparat rəhbəri, “Əjdər Ol” təxəllüsüylə tanınan şair Əjdər Cəbiyev 8 il 6 ay azadlıqdan məhrum edilib. Aprelin 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Cəbiyev Aparat rəhbəri olduğu dövrdə yarım milyon manatdan çox yeyinti və rüşvət almaqda suçlu sayılıb.

Hökmdən məlum olub ki, sabiq Aparat rəhbəri onun işində korrupsiya nəticəsində dövlətə dəymiş ziyan kimi göstərilən məbləği məhkəmə prosesi gedən dövrdə ödəyib. Bu da yüngülləşdirici hal kimi nəzərə alınıb.

Əjdər Ol hökmdən öncə son sözünü deyib. “Xahiş edirəm, yaşımı, şəxsiyyətimi, nüfuzumu nəzərə alıb ədalətli hökm verəsiniz. Başqa deyiləcək sözüm yoxdur. Sözümü məhkəmədə demişəm”, – sabiq Aparat rəhbərinin dedikləridir.

Cəbiyev məhkəmədə ifadə verəndə ittihamları qəbul edib, özünü təqsirli bilib: “Heç nəyə etiraz etmirəm. Yalnız onu demək istəyirəm ki, Səlim Müslümovla əlbir olmamışam, onun heç nədən xəbəri olmayıb. Əldə etdiyim pulları isə cari xərclərə yönləndirmişəm”.

Cəbiyevin haqqında cinayət işi 2021-ci ilin dekabrında keçmiş nazir Müslümovun işindən ayrılaraq məhkəməyə göndərilib. Yaxın vaxtlarda sabiq nazirin də işi üzrə istintaqın yekunlaşacağı gözlənilir.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Əjdər Ol və yaxın qohumlarının adına olan bir sıra mülkün üzərinə həbs qoyulub.

Həmin əmlaklar aşağıdakılardır:


Əjdər Olun mülkləri:

Nərimanov rayonunda (mənzil: 25) - 528 min manat

Nərimanov rayonunda (mənzil: 26) - 528 min manat

Nərimanov rayonunda mənzil - 80 min manat

Novxanı kəndində 0.12 hektar torpaq sahəsi - 100 min manat


Ailə üzvlərinin mülkləri:

Səbail rayonunda mənzil - 150 min manat

Xətai rayonunda mənzil - 120 min manat

Nərimanov rayonunda mənzil - 85 min manat

Nərimanov rayonunda mənzil - 325 min manat


Bundan başqa, ailə üzvlərinin mülkiyyətində olan Nərimanov rayonunda 3 mənzil, Hacıqabulda 0.28 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qiyməti obyektiv səbəblərə görə müəyyən edilə bilməyib.

Xatırladaq ki, Əjdər Cəbiyev 2021-ci ilin fevralında – sabiq nazir Səlim Müslümovdan az sonra həbs olunub. Cinayət işinin materiallarında iddia edilir ki, o, keçmiş nazir Səlim Müslümovla əlbir olub əlillər, şəhid ailələri üçün mənzillərin tikintisi zamanı külli miqdarda yeyintidə iştirak edib. Ə.Cəbiyev 2013-2018-ci illərdə nazirliyin Aparat rəhbəri işləyib. Bu müddətdə əlillər, şəhid ailələri üçün evlərin tikintisi, avadanlıqların alınması zamanı nazirliyin büdcəsindən lazım olduğundan daha artıq vəsait köçürülüb. Artıq məbləğ sonradan geri alınaraq mənimsənilib.

 





05.04.2022    çap et  çap et