Vaxt.Az

BNA-nın saytındakı pərakəndəlik


 

“Google Maps” Azərbaycanla bağlı məlumatları siləcəkmi?

BNA-nın saytındakı pərakəndəlik Bir neçə gündür ki, Bakı şəhərinin ictimai nəqliyyat məlumatlarının “Google” xəritəsindən yığışdırılacağı, yəni “Google”nin Bakı üçün ictimai nəqliyyat naviqasiyasının ləğv ediləcəyi ilə bağlı məlumatlar yayılıb.

Məlumatın mənbəyi isə, xeyli vaxtdır bu işlə könüllü olaraq məşğul olan “Transit for Baku” (TFB) layihəsinin komandası olub. Onlar bununla bağlı internetdə açıqlama da yayıblar.

Bu məsələni bir qədər araşdırdıqdan sonra belə məlum olur ki, illər öncə, adı çəkilən könüllülər “Google” şirkətinə müraciət edərək, könüllülük çərçivəsində Bakı şəhərinin ictimai nəqliyyat məlumatlarını təqdim etməyə başlayıblar. 

Onlar bu xidməti vermək üçün ilkin məlumatları müxtəlif üsullarla əldə ediblər.

Yəni, ola bilər ki, ictimai nəqliyyatı öz resursları hesabına monitorinq etməklə, müvafiq dövlət qurumu ilə əməkdaşlıq çərçivəsində və ya alo141.az resursundan ilkin məlumatları əldə edib “Google” standartlarına uyğun emal etməklə “Google” şirkətinin resurslarına inteqrasiya ediblər.

Əslində çox faydalı bir addım atıblar. İctimai nəqliyyatdan istifadə edənlər üçün adı çəkilən xidmət mühüm əhəmiyyət kəsb edir. 

İndi məlum olub ki, daha doğrusu, TFB komandası açıqlayıb ki, “Google” bu məlumatları xəritədən yığışdıracaq. TFB komandası səbəb olaraq göstərib ki, komanda artıq məlumatları BNA-dan əldə edə bilmir. Yəni, BNA ictimai nəqliyyat məlumatlarının, marşrut dəyişikliklərinin dərcini gecikdirir. 

Ədalət naminə demək lazımdır ki, BNA-ya məxsus olan alo141.az portalında məlumatlandırma ilə bağlı müəyyən işlər görülüb, bir xeyli ilkin məlumatlar var, lakin bütün bunlar əsasən pərakəndə formadadır. 

Yəni, bir proqramçının, startapçının əldə edə biləcəyi, yenidən emal üçün faydalı olan açıq məlumat bazası formasında deyil. 

Amma, onu da qeyd edim ki, alo141.az resursunda bir az zaman keçirməklə, daha çox çalışmaqla, ictimai nəqliyyatı monitorinq etməklə TFB komandası ilkin məlumatları əldə edib, yenidən standartlara salmaqla “Google”a inteqrasiya edə bilərdi.

Düşünmək olar ki, TFB komandası bütün bu işləri könüllülük səviyyəsində gördüyündən, BNA ilə ciddi bir iş birliyi olmadığından, əlçatan BNA məlumatları da emal oluna biləcək səviyyədə olmadığından TFB komandası üçün son zamanlar güvənli məlumatları daha effektiv formada əldə etməkdə problemlər yaranıb və nəticədə xidmətin “Google” resurslarına inteqrasiyası mümkün olmayıb. 

Nə etməli?

1. İlk növbədə BNA tərəfindən pərakəndə , qarmaqarışıq formada, bəzən də BNA-nın hansısa xəbərlərinin içərisində verilən məlumatlar, məsələn marşrutların dəyişikliyi, yeni marşrutlar barədə məlumatlar və s., bir bölmədə, alo141.az resursunda açıq məlumat bazası formasında, emal oluna biləcək səviyyədə verilməsi doğru olardı.

Belə olarsa, TFB və ya hansısa digər bir startap bu bazadan istifadə edib əlavə dəyərlər yarada bilər

2. Bir sıra ölkələrdə olduğu kimi, BNA özü bir dövlət qurumu olaraq, elə TFB komandasını da layihəyə cəlb etməklə “Google” resurslarına və ümumiyyətlə digər qlobal xəritə xidmətlərinə məlumatları emal edərək özü təqdim etməlidir.

P.S.: Məlumatların “Google” xəritələrindən yığışdırılacağı ilə bağlı güzəşt müddəti başa çatanadək BNA tərəfindən zəruri addımların atılması, “Google” ilə əlaqələrin yaradılması doğru və faydalı olardı.

 





09.04.2022    çap et  çap et