Vaxt.Az

Barış üçün yola çıxan Boris


 

Conson Kiyevdə “oyuncaq xoruz”a mesaj yolladı

Barış üçün yola çıxan Boris İlbizin üstünə duz səpəndə necə əriyir ha, Britaniyanın baş naziri Boris Consonun Kiyevə gəlişi də Azərbaycandakı rusbaşları elə əritməkdədir. Qabaqlar buralarda nəsə yazırdılar, qızğın müzakirə başlayırdı, ukraynalıları müdafiə edənlərlə arqument davası açılırdı. Riyakar Qərbin böyük Rusiyanı yıxa bilməyəcəyi təbliğatı aparılırdı. İndi 10-15 “like”ları var, o da öz “kruq”larından.

Bu arada, dünəndən düşünürdüm ki, əcəba, bu 4-5 gündə Borispol hava limanını təmirmi etdilər, Boris bəyin uçağı ora endi? Araşdırdım, gördüm, yox, Rusiya raketləri oraları yararsız hala salıb və heç bir eniş zolağı işlək deyil. Qalırdı bir versiya - qatar. Səhər öyrəndim ki, doğru təxminmiş. Conson İngiltərədən Polşaya, oradan Ukrayna ərazisinə - Lvova keçib, qatarla Kiyevə gəlib. 

Barış üçün yola çıxan Boris bu uzun və təhlükəli yolu keçə bildi. Rusiyanın bu səfəri pozmaq üzrə bütün cəhdlərinə baxmayaraq.

Baş nazirin Kiyevə səfər edəcəyi haqda anonsları 2 həftə öncə verilmişdi. Tarix açıqlanmırdı, təbii, amma bəlli idi ki, deyilibsə, gələcək. Yadınızda olar, bir neçə gün öncə Putler Lvov hava limanına da raket atmışdı, amma nə oldu? Hədəfə dəymədi. Rusların başına belə işlər tez-tez gəlir, bu ayrı məsələ. Görünür, Rusiyada səfərlə bağlı hansısa kəşfiyyat bilgisi olub, ya da elə ehtimal üzərindən hərəkət edərək Lvova raket göndərib təhlükəsizlik problemləri yaradaraq Consonu səfərdən daşındıracaqlarını hesablayıblar. Amma o hesab da tutmadı - Boris Conson dünən Kiyevin ortasında əlini belinə qoyub, Putlerə “sən idin buralara gələn?” mesajı göndərdi. Hələ arada Makrona da sataşdı)) 

Xarkovdan olduğunu bildirən ukraynalı xanım ona 2 “oyuncaq” xoruz uzadanda üzərinə basa-basa “I am from London” deyib onları aldı və birini Zelenskiyə verdi. Xoruzun fransızlarda simgə olduğunu bilməyən yoxdur. Savaş başlamazdan öncə Makronun Putleri dilə tutmaq üçün Moskvaya gedib möhkəm təhqir olunduğunu da. Putin dünyanın gözü qarşısında Fransa prezidentini yaxınına qoymadı - uzun masanın ayaq tərəfində oturtdu, salondan çıxanda arxasınca süründürdü… Conson isə Kiyevdə “oyuncaq xoruz”a - Makrona “I am from London”, yəni mən sən deyiləm, siyasət bax belə olar mesajı yolladı.

Rusiya indi başına dəyən diplomatik qapazın təsirindən ətrafda baş verənləri doğru alqılamayacaq. Bir az da hirslənəcək, atılıb-düşəcək, ora-bura raket saçacaq. Savaş ustası britaniyalılar çox gözəl bilirlər ki, düşməni məhv etməyin yollarından biri onu təbdən çıxarmaqdır - mütləq səhv edəcək. Elə o səhvin Rusiyaya daha baha başa gəlməsi, Ukraynanı işğal planı qurub soyqırım törətməyin necə böyük qələt olduğunu anlaması üçün Kiyevə vəd olunan ölümcül silahlar verilir. Onların içərisində dəniz savaşları üçün nəzərdə tutulan ən çağdaş silahlar da var. Demək, Rusiyanın Odessa xülyaları da suya düşdü, yaxınlarda Qara dəniz köpək balıqlarına rus donanmasının ətindən ziyafət veriləcək - təbii, hücum taktikasını davam etdirmək cəhdlərini dayandırmasalar.

Putin hərb savaşı kimi diplomatik savaşı da uduzub. Özü də biabırcasına. 72 saata Kiyevi alan Putler yerin altında qıvrılır, uçandan-qaçandan qorxduğu halda guya COVİD-dən ölən danışan dili Jirinovskinin meyitinin (əslində qırmızıyanaq kuklasının) qarşısında poz verir, İngiltərənin baş naziri isə Kiyevin Maydanında dolaşır, millətini bir an da tək qoymayan Ukrayna prezidenti Vladimir Zelenski ilə şəhər turuna çıxır.

Bütün bu müdhiş görüntülərin fonunda Rusiya, onun 5-ci kolonu ingilis duzunun təsiri ilə ilbiz kimi əriyir.

Az qaldı…

P.S. Telefonda birnəfəsə köşə yazmaqçün darıxmışdım.

 





10.04.2022    çap et  çap et