Almaniya polisi zorakılığın qarşısını almaq üçün vaxtaşırı iki qrupu ayırmalı olub. Qarşıdurma zamanı azı iki nəfər həbs edilib.
Almaniyanın “Bild” qəzetinin verdiyi məlumata görə, ölkənin şimalında yerləşən Hannover şəhərindəki motosiklet yürüşündə təxminən 650 Rusiya tərəfdarı nümayişçi iştirak edib.
Ölkənin maliyyə paytaxtı olan Frankfurt şəhərinin polisi yüzlərlə insanın Rusiya tərəfdarlarının aksiyasına qatıldığını bildirib.
Frankfurt bələdiyyəsi motosiklet yürüşünə dair müraciəti rədd edib.
Etirazçılar rusdilli vətəndaşlara qarşı “nifrət nitqi” və “ayrı-seçkiliyə” son qoymağa çağırıb.
Almaniya polisi Rusiya prezidenti Vladimir Putinin fevralın 24-də Ukraynaya qarşı hərbi müdaxiləyə başlamasından sonra Rusiyaya qarşı 383 və Ukrayna əleyhinə 181 qanun pozuntusunu qeydə alıb.
Almaniyada 1,2 milyon Rusiya, 25 min Ukrayna əsilli insan yaşayır.
Hannoverdə etirazçılar avtomobillərini Rusiya və Almaniya bayraqları ilə bəzəyib. “Bild” qəzetinin bildirdiyinə görə, mitinqin başlaması əks-etirazçılar tərəfindən gecikdirilib.
Rusiya tərəfdarı nümayişçilərə Almaniyanın Ukraynaya qarşı təcavüz və işğalın rəmzi hesab etdiyi V və ya Z simvollarını daşımaq qadağan edilib.