Vaxt.Az

Krım tatarları İlham Əliyevdən kömək istədilər


 

«İndi bizə müzakirələr yox, real hərəkət lazımdır»

Krım tatarları İlham Əliyevdən kömək istədilər Krım tatarları Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək ondan imkanlarından və Rusiya prezidenti Vladimir Putinlə əlaqələrindən istifadə edərək onlara kömək etməsini xahiş ediblər.

Bunu virtualaz.org-un müxbiri ilə söhbətində Krım tatarlarının lideri, Krım Tatarları Məclisinin sabiq sədri, Ukraynanın xalq deputatı Mustafa Cəmilov deyib: «Bizim xalq bir dəfə öz doğma torpaqlarından sürgün olunub və biz həmin fəlakətin təkrarlanmasını istəmirik. Ona görə də kömək üçün İlham Əliyevə, Abdulla Gülə və Nursultan Nazarbayevə müraciət edirik: Öz krımlı qardaş və bacılarınızı bu çətin vaxtda tək qoymayın. Biz bütün dünyadan kömək tələb edirik.

Rusiyada bizim üçün növbəti repressiya və sürgün planı hazırlanıb».

M.Cəmilov həmçinin deyib ki, onlar kütləvi etiraz aksiyalarına hazırlaşırlar. O bildirib ki, dünya Krımın vahid Ukraynanın tərkibində qalmaq və yaşamaq istəyən yerli əhalisinin mövqeyini müdafiə etməlidir.

Krım tatarlarının liderinin sözlərinə görə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan artıq onların nümayəndələrini yaranmış vəziyyəti müzakirə etmək üçün Ankaraya dəvət edib: «Ancaq indi bizə müzakirələr yox, real hərəkət, fəaliyyət lazımdır. Krım tatarları heç vaxt Rusiyanın tərkibində yaşamayacaqlar və biz bütün vasitələrlə öz hüquqlarımız uğrunda mübarizə aparacağıq».

 





06.03.2014    çap et  çap et