Vaxt.Az

Əks-hücum Xersondan olacaq


 

Ukraynanın Krımın azad etməsi belə mümkündür

Əks-hücum Xersondan olacaq ABŞ Ukraynaya daha 800 milyon dollarlıq silah-sursat və hərbi texnika göndərəcək. Prezident Bayden tərəfindən az öncə elan olunan yeni hərbi yardım paketinin əsas hissəsini uzaqvuran artilleriya qurğuları və dronlar təşkil edir. (Bayden bəzi yardımların gizli saxlanılacağını deyib.) Bundan əlavə, Ukrayna hökumətinə 500 milyon dollar maliyyə yardımı da ayrılıb. Yeri gəlmişkən, “G-7” çərçivəsində Ukrayna büdcəsinə dəstək məqsədilə azı 24 milyard dollar ayrılması qərarlaşdırılıb.

Savaş başlayandan bəri ABŞ Ukraynaya 2,6 milyard dollarlıq silah-sursat göndərib, sonuncu yardımla bu məbləğ 3,4 milyarda yüksəldi.

ABŞ-la birlikdə Britaniya, Kanada və Niderland da Ukraynaya ağır artilleriya sistemləri verəcəklər. Hazırda Ukrayna ordusu onun atəş gücünü xeyli artıracaq və uzaq məsafələrdəki düşmən mövqelərinə zərbə endirməyə imkan verəcək NATO standartındakı dəqiq silahlara daha çox ehtiyac duyur. Bu baxımdan Niderlandın göndərəcəyi, Almaniya istehsalı olan “Panzerhaubitze-2000” xüsusi önəm daşıyır. 50-60 km məsafədəki hədəfləri intensivliklə vuran “Panzerhaubitze-2000” hazırda dünyanın ən təkmil haubitsası hesab olunur və Rusiya ordusunda bu silahın analoqu yoxdur.

Ukrayna hərbçilərinə “Panzerhaubitze”dən istifadə qaydalarını öyrətməyi və 155 mm-lik mərmilərlə təchizatı Almaniya öz üzərinə götürüb. Bundan başqa, Almaniya NATO-nun şərqi avropalı üzvlərinin öz sovet mənşəli tank və zirehli texnikalarını Ukraynaya təqdim etmələri müqabilində bu ölkələri müasir hərbi texnika ilə təmin edəcəyinə söz verib. Polşa, Çexiya və Slovakiyanın ötən həftələrdə Ukraynaya bir neçə yüz ədəd tank və zirehli texnika göndərdikləri məlumdur. Bu proses davam edəcək. Çexiya və Slovakiya Ukrayna ordusunun vurulmuş və nasaz hərbi texnikasının təmirini, Polşa isə yaralı ukraynalı hərbçilərin müalicəsini öz üzərinə götürüb. Rumıniya, İspaniya, İtaliya, Norveç və Finlandiya hökumətləri də Ukraynanın silahlanmasına töhfə verirlər.

Ukrayna komandanlığı Rusiyanın 2-ci faza hücumlarını dəf edərək düşməni mümkün qədər çox itkiyə məruz qoyduqdan sonra böyük ehtimalla genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayacaq. (İndiyə qədər yalnız taktiki xarakterli lokal əks-hücumlar həyata keçirilib). Bu, müharibənin 3-cü fazası olacaq. Əks-hücum əməliyyatlarında əsas istiqamətin Xerson olacağını bilmək üçün hərbi ekspert olmağa gərək yoxdur. (Bu vilayətin asanlıqla əldən verilməsi hadisəsində çoxlu qaranlıq və şübhəli məqamlar var, müharibədən sonra bu epizod cinayət araşdırmasının mövzusu olacaq). Xersonu azad etməklə həm Rusiyanın Krıma açdığı quru yolu təkrar bağlanacaq, həm də yarımadanı geri qaytarmaq şansı yaranacaq.

Müharibədən əvvəl Ukraynanın Krımı hərbi yolla geri alması ehtimalı fantastik ideya kimi görünürdü, amma artıq belə görünmür. Başa düşürəm ki, bu, çox çətin və çox riskli variantdır, amma tarixi şans yaranıb. “İslanmış” Ukrayna bu “yağış”dan da qorxmursa və hər cür itkiləri gözə almağa hazırdırsa, Krımı azad etmək qeyri-mümkün bir məsələ deyil. “Müharibənin davam etməsini və Rusiyanın zəifləməsini istəyən bəzi NATO ölkələri” də (sitat M.Çavuşoğlunundur) bu işdə Kiyevə dəstək verəcəklər.

 





21.04.2022    çap et  çap et