Vaxt.Az

Qunduzda quduz hərəkət


 

Məsciddə törədilən partlayış azı 17 nəfərin ölümünə səbəb olub

Qunduzda quduz hərəkət Çərşənbə günü Əfqanıstanın şimalında izdihamlı şiə müsəlman məscidində baş verən partlayış azı 17 nəfərin ölümünə, 52 nəfərin yaralanmasına səbəb olub. Yerli Taliban rəsmilərinin bildirdiyinə görə, ölkənin şimalındakı Bəlx vilayətinin paytaxtı Məzari-Şərifdə partlayış günorta namazı zamanı baş verib.

Əbu Əli Sinai-Bəlxi xəstəxanasının rəhbəri Qusuddin Ənvəri yaralılardan azı altı nəfərin vəziyyətinin “kritik” olduğunu bildirib. Şahidlər ölənlərin sayının daha çox olduğunu deyib.

Terror təbliğatını izləyən “SİTE” kəşfiyyat qrupunun məlumatına görə, İslam Dövləti terror qruplaşmasının Xorasan Vilayəti və ya İD-Xorasan kimi tanınan Əfqanıstan qolu hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Yaxınlıqdakı Qunduz vilayətinin rəsmiləri də vilayətin paytaxtı Qunduz şəhərində bomba partlayışının baş verdiyini bildirib. Yerli medianın Taliban rəsmilərinə istinadən verdiyi məlumata görə, partlayışın hədəfi aeroport işçilərini daşıyan avtomobil olub. Hadisə zamanı 4 nəfər ölüb, 18 nəfər yaralanıb.

Şəhər polis idarəsinin sözçüsü Xalid Zadran cümə axşamı Əfqanıstanın paytaxtı Kabilin qərbindəki şiə məhəlləsində yol kənarına yerləşdirilmiş bombanın partlaması nəticəsində iki uşağın yaralandığını bildirib.

Şərqi Nangarhar vilayətinin problemli bölgəsi olan Xogianidə gecə saatlarında baş verən partlayış zamanı Talibanın azı dörd təhlükəsizlik işçisi həlak olub.

Kabilin qərbindəki Qunduz və Nangarhar vilayətlərində həyata keçirilən partlayışlara görə məsuliyyəti üzərinə götürən olmayıb.

Cümə axşamı həyata keçirilən partlayış iki gün əvvəl Kabilin oğlanlar məktəbində və yaxınlıqdakı təhsil mərkəzində 6 nəfərin ölümünə və 17 nəfərin yaralanmasına səbəb olan bomba partlayışlarının həyata keçirildiyi eyni məhəlləsində baş verib.

Qurbanlar əsasən şiə Həzara müsəlmanların uşaqlardır. Bu hücuma görə məsuliyyəti heç kim öz üzərinə götürməyib. Son illərdə Həzara icmasına qarşı, demək olar ki, bütün bomba və silahlı hücumları İD-Xorasan öz üzərinə götürüb.

 





21.04.2022    çap et  çap et