Vaxt.Az

Ərdəbildə işsizlik səviyyəsi 14 faizə yüksəlib


 

Vilayətin göstəriciləri ölkə üzrə orta statistikadan xeyli çoxdur

Ərdəbildə işsizlik səviyyəsi 14 faizə yüksəlib Keçən qış mövsümündə Ərdəbil vilayətinin işsizlik səviyyəsinin 14 faiz olduğu bildirilib. Bu barədə vilayətin İdarəetmə və Planlaşdırma Təşkilatının Statistika və İnformasiya üzrə müavini Fəriborz Dehqan İSNA xəbər agentliyinə açıqlama verib.

Rəsminin dediyinə görə, ötən qış mövsümündə ölkə üzrə işsizlik səviyyəsi 9,4 faiz olduğu halda, Ərdəbil vilayətində bu rəqəm 14 faiz təşkil edib. Beləliklə, vilayətdə işsizlik səviyyəsi ölkə üzrə orta səviyyədən 4,6 faiz yüksəkdir.

Keçən mart ayında Ərdəbil rəsmiləri 2021-ci ilin qış mövsümündə işsizlik səviyyəsinin 12 faiz olduğunu bildirmişdi. Bu rəqəm 2022-ci ilin qış mövsümündə 2 faiz yüksələrək 14 faiz olub. Bu müddət ərzində ölkədə işsizlik səviyyəsi 8,2 faizdən 9,4-ə yüksəlib. Bu rəqəmlər göstərir ki, son bir ildə vilayətdə işsizlik səviyyəsi ölkə üzrə orta göstəricidən daha çox artıb.

Dehqanın dediyinə görə, Ərdəbil vilayəti işsizlik səviyyəsinə görə ölkənin vilayətləri arasında 5-ci yerdədir. Ərdəbildən əvvəl işsizliyin ən yüksək səviyyədə olduğu vilayətlər müvafiq olaraq Qərbi Azərbaycan, Kirmanşah, Kürdüstan və Luristandır.

Təxminən 5 il əvvəl həyata keçirilən siyahıyaalınmanın statistikasına görə, Ərdəbil vilayətində işsizlik səviyyəsi 15,7 faiz təşkil edirdi. Hazırda bu rəqəm 14 faizdir.

Demoqrafiya məsələləri üzrə ekspertlərin fikrincə, ölkədə miqrasiya ilə işsizlik səviyyəsi arasında birbaşa əlaqə var. Ərdəbil vilayətində işsizlik səviyyəsinin azalması, vilayətdə iş yerlərinin yaradılması və vilayət əhalisinin başqa vilayətlərə miqrasiya nisbəti nəzərə alınırsa, vilayətin son illərdə inkişafında nə qədər irəliləyiş baş verdiyi aydınlaşa bilər. İran mediasında açıqlanan son səfalət indeksi statistikasına görə, Ərdəbil 31 vilayət arasında 6-cı yerdədir.

 





24.04.2022    çap et  çap et