Vaxt.Az

Öncə Türkiyəyə ...


 

Quterreş Moskva və Kiyevdən əvvəl Ankaraya səfər edəcək

Öncə Türkiyəyə ... BMT-nin baş katibinin ofisinin açıqladığı bəyanata əsasən, Antonio Quterreş gələn həftə Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya, daha sonra isə prezident Vladimir Zelenski ilə danışıqlar aparmaq üçün Ukraynaya getməzdən əvvəl Ankaraya səfər edəcək.

“Baş katib Ankaraya səfər edəcək və aprelin 25-də prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcək” - deyə, BMT aprelin 23-də bildirib.

BMT-nin humanitar məsələlər üzrə rəhbəri Martin Qriffits aprelin 18-də Türkiyənin Ukrayna və Rusiya arasında humanitar danışıqların aparılması üçün mühüm ev sahibi ölkə olduğunu deyib.

Quterreş daha sonra aprelin 26-da Putinlə görüşmək və Ukraynada sülhün bərqərar olması üçün nə edilə biləcəyini müzakirə etmək üçün Moskvaya səfər edəcək. Bundan sonra BMT baş katibi aprelin 28-də Kiyevə səfər edərək, prezident Zelenski və xarici işlər naziri Dmitri Kuleba ilə görüş keçirəcək.

Zelenski aprelin 23-də Quterreşin Kiyevdən əvvəl Moskvaya getmək qərarını tənqid edərək, burada “məntiq olmadığını” deyib.

“Müharibə Ukraynada gedir, Moskvanın küçələrində cəsədlər yoxdur. Əvvəlcə Ukraynaya getmək, oradakı insanları, işğalın nəticələrini görmək məntiqli olardı”, Zelenski bildirib.

Zelenski aprelin 24-də Türkiyə prezidenti Ərdoğanla Mariupol limanından mülki əhalinin təcili təxliyə edilməsinin zəruriliyi barədə danışdığını deyib.

Ərdoğan Zelenskiyə bildirib ki, Türkiyə Ukrayna və Rusiya arasında danışıqlar prosesi zamanı hər cür köməklik göstərməyə hazırdır.

 





26.04.2022    çap et  çap et