Vaxt.Az

Putin Qərbi “ildırımsürətli zərbələr”lə qorxudur


 

Rusiya prezidenti hansı silahla və hansı hədəflərə endiriləcəyi barədə danışmayıb

Putin Qərbi “ildırımsürətli zərbələr”lə qorxudur Rusiya prezidenti Vladimir Putin aprelin 27-də bəyan edib ki, əgər kimsə kənardan Ukraynadakı vəziyyətə müdaxilə etsə və Rusiyaya qeyri-məqbul təhlükələr yaratsa, Moskva “ildırımsürətli zərbələr” endirəcək.

Peterburqda Federasiya Şurası qanunvericilər şurasının üzvləri qarşısında çıxış edən Putin deyib ki, “ildırımsürətli zərbələrə” dair bütün qərarlar artıq qəbul olunub.

O bu zərbələri “cavab-önləmə” zərbələri adlandırıb. Bu termin hərbi doktrinalarda nüvə silahından istifadə ilə bağlı işlədilir.

Belə zərbələr düşmən tərəfindən hücum təsdiqlənmiş fakt olanda, lakin hələ müdafiə tərəfinə heç bir ziyan vermədiyi halda belə endirilir.

Rusiya başçısı “ildırımsürətli zərbələrin” hansı silahla və hansı hədəflərə endiriləcəyi barədə danışmayıb.

O habelə konkret olaraq “nüvə silahı” ifadəsini işlətməyib. Lakin o bundan əvvəl Rusiyanın düşməndə analoqu olmayan yeni silahından söz açmışdı.

***

Putin Peterburq çıxışı zamanı habelə 24 fevralda Ukraynaya hərbi basqın ərəfəsində etdiyi nitqə toxunub.

O həmin çıxışında demişdi ki, Ukraynada xarici ölkələr xüsusi əməliyyata müdaxilə etsələr, “tarixlərində görmədikləri nəticələrlə” üzləşəcəklər.

Putin habelə düşmən tərəfindən “strateji xarakterli qeyri-məqbul təhlükə” ifadəsinin də mənasını izah etməyib.

Rusiyanın hərbi doktrinası nüvə silahından ölkənin varlığına təhlükə yaranarsa istifadəni nəzərdə tutur.

Putin bir daha təkrar edib ki, onun təbirincə deyilərsə, “Donbas və Ukraynada aparılan xüsusi əməliyyatın” bütün vəzifələri yerinə yetiriləcək.

O bu vəzifələrdən birinin “Rusiya, ilhaq olunmuş Krım, habelə qondarma DXR və LXR sakinlərinin sülh və təhlükəsizliyinin təminatının tarixi perspektivinin zəruriliyi” olduğunu demişdi.

***

Putin bundan əvvəl “xüsusi əməliyyatdan” məqsədin həm də Ukraynanın “denasifikasiya və delimitarizasiyası” olduğunu deyirdi.

Peterburq çıxışında Putin habelə Ukraynaya müdaxiləyə haqq qazandıran tezisləri təkrar edib.

Onun sözlərinə görə “Rusiyanın məhvinə can atan hansısa dost olmayan ölkələr əvvəlcə rusofobiya və neonasistlərə güvənərək Ukraynanı anti-Rusiyaya çeviriblər, daha sonra isə onu bizim ölkəmizlə birbaşa toqquşmaya təhrik ediblər”.

Ukraynada “xüsusi əməliyyat”, əslində isə suveren ölkəyə qarşı tammiqyaslı müharibə artıq iki aydır ki, davam edir.

Bu müddət ərzində Ukraynanın cənubunda və şərqində bəzi əraziləri zəbt edən Rusiya qüvvələri Kiyevin ətraflarından geri çəkilməyə məcbur olub.

Qərb ölkələri bu müharibəyə görə Rusiya üzərinə qoyduqları ağır sanksiyaları demək olar hər gün genişləndirirlər.

 





27.04.2022    çap et  çap et