Sərhədin delimitasiyası Rusiyadakı xəritələr əsasında aparılacaq və bu xəritələr SSRİ-nin yaranmasından – 1922-ci ildən başlayır, lakin Əliyevin “1918-ci ildən, hətta ondan əvvəlki dövrün xəritələrini” əsas götürməsi iki məqamı önə çıxarır:
1. Hədəf manevridir: Bakı danışıqlarda Zəngəzuru, İrəvanı da masaya gətirməklə hədəfi böyüdür və bu, istəyini almağa hesablanmış gediş ola bilər;
2. 1929-cu ilə qədər verilən ərazilərin alınmasıdır: Prezidentin də dediyi kimi, Zəngəzur Ermənistana veriləndə hazırda mövcud olduğu 42 kilometrlik sahədən daha ensiz idi, sonradan ermənilər bu ərazini 42 kilometrə qədər genişləndirdilər.
SSRİ yarandıqdan sonra, xüsusilə 1926-29-cu illərdə Naxçıvanın 9 kəndinin və Kilit kəndinin torpaq sahələrinin bir hissəsi Ermənistana “pay” kimi verildi, o cümlədən, 1929-cu ilə qədər Zəngilan rayonunun tərkibində olan Nüvədi kəndi də bu ad altında ermənilərə hədiyyə olundu. Əliyev də bilir ki, masadakı xəritələr SSRİ-nin yaranmasından sonrakı dövrü əhatə edəcək, lakin məhz 1918-ci ilin xəritəsini gündəmə gətirməklə Zəngəzurun Ermənistana verildiyi və sonrakı dövrdə genişləndirilməsinin müqayisəsini önə sürməyi planlaşdırır.
Və bu, 1926-29-cu illərdə Ermənistana “pay” edilən ərazilərin – Naxçıvana daxil olan ərazilər, eləcə də Nüvədi – geri qaytarılmasına hesablanıb. Buna nail olacaq:
– Ermənistan sərhədlərində qalan Mehrinin dərinliklərinə qədər irəliləyə bilərik;
– Zəngəzur dəhlizinin keçəcəyi ərazinin bir hissəsini nəzarətə götürərik;
– İran-Ermənistan sərhədi hazırki vəziyyətlə müqayisədə yarıya qədər darala bilər (Tehranı narahat edən əsas məqamlardan biri də budur).
Prezidentin açıqlaması Bakının masaya məhz bu paketlə əyləşəcəyini deməyə əsas verir.