Vaxt.Az

Elektromobillər niyə bahalanacaq?


 

Yaxud bir ekoloji problemi həll üçün digərini yaratmaq

Elektromobillər niyə bahalanacaq? Avropa İttifaqı iqlimlə bağlı problemləri həll etmək üçün bərpa olunan enerji texnologiyalarına böyük sərmayə yatırır. Elektrikli avtomobillər, çiplər, külək turbinləri və günəş panelləri kimi yaşıl transformasiyaya töhfə verəcək məhsulların istehsalı üçün xammallardan intensiv istifadə olunur.

Avropa Birliyinin iştirakı ilə Avropa Metal İstehsalçıları Birliyi “Eurometaux” tərəfindən aparılan araşdırmaya görə iqlim dəyişikliklərinin önünə keçmək üçün 2050-ci ildə daha çox faydalı qazıntılara ehtiyac yaranacaq, rəqəmlər ilə 2050-ci il:

– 5 milyon ton alüminium (bugünkü istifadə ilə müqayisədə 33 faiz artım)

– 5 milyon ton mis (artım +35 faiz)

– 800.000 ton litium (artım + 350 faiz)

– 400.000 ton nikel (artım +100 faiz)

– 300.000 ton sink (artım +15 faiz)

– 200.000 ton silikon (artım +45 faiz)

– 60.000 ton kobalt (artım +330 faiz)

Yaxşı, bu faydalı qazıntılar və metallar mədən sənayesinin sahəsinin genişlənməsinə səbəb olursa, bunun özü əlavə ekoloji problemlər yaratmayacaqmı?! Bu gün belə sual vermək populyar deyil, amma verilməlidir, çünki dünyanı inkişafa ancaq doğru suallara düzgün cavablar apara bilər, xor oxumaqla, populyar mövzularda bilib-bilmədən danışmaqla inkişafa nail olmaq mümkün deyil. 

Məsələn, litiumun ən çox ehtiyatı Boliviya, Çili və Argentinadadır, deməli, bu ölkələr uğrunda mübarizə qızışacaq, Boliviyada son zamanlar olan-bitənlər buna sübutdur (Çinin bu ölkəyə ekspansiyası da xeyli artıb). Yaxşı, “Tesla” avtomobilinin batareyaları üçün hər maşına 63 kiloqram 99,5 faiz təmizliyə malik litium lazımdır, hər 1 kq. litium almaq üçün 25 kvadratmetr ərazi qazılmalı (daha doğrusu işlənilməlidir), təqribən, 5 litr su istifadə olunmalıdır. Yəni, “Tesla” üçün 1 batareya istehsal etmək üçün 1575 kvadratmetr yer qazılmalı, 315 litr su istifadə edilməlidir. Yaxşı, bu, ekologiyaya ziyan vurmurmu?! Mən bilmirəm, sadəcə sual verirəm. Və ya, litium olan ölkələrdə demokratik hakimiyyətlərin qurulmasında Dünya elitası maraqlı olacaqmı?! Axı, demokratik hakimiyyətlər daha çox nəzarət funksiyaları yarada, ekoloji problemləri qabarda bilərlər, elə deyil?!

Daha bir misal, kobalt - ən çox ehtiyat Konqodadır, dünya ehtiyatlarının 60 faizi bu ölkədədir, böyük ehtiyatlar Zambiyada da var və hər iki ölkə mədənləri Çin şirkətlərinin əlindədir (ABŞ-Çin qarşıdurması, əslində, həm də “metal” qarşıdurmasıdır). Sizcə bu iki Afrika ölkəsində ekologiya öndə olan məsələdir?! Demokratik təsisatlar varmı bu ölkələrdə? - yoxdur. Yaxşı, kobaltın istehsalı üçün qazma işləri ekologiyaya ziyan vururmu?! Əlbəttə vurur, mədən sənayesi bu metalı qazıb-çıxardandan sonra mütləq kimyəvi turşu (kislota), ammiak və xlorla emal edilməlidir – çox toksik və ekoloji zərərli istehsaldır. Bəs bu haqda düşünən varmı, sual vermək olarmı?! Çox təəssüf ki, “mainstream” mediada belə suallar yox dərəcəsindədir.

Və ya, yuxarıda qeyd etdiyim metalların qiyməti son 10 ildə 5 dəfədən çox artıb – məsələn, bu gün 1 ton kobaltın qiyməti 81235 dollardır. Yaxşı, əgər bu siyahıda olan metallar kəskin bahalaşmaqda davam edəcəksə, sabah bir elektromobil neçəyə olacaq?! Bu da vacib sualdır. 

Bunu “Dünya Media” günündə niyə yazdım?! Birincisi, bütün media işçilərini, jurnalistləri təbrik edirəm, ikincisi isə məhz onlar – qələm əhli bütün sahələr üzrə, bütün məsələlərlə bağlı çətin suallar verməli, “siyasi primitivliyə” qarşı olmalı, “xora” qoşulmaq yerinə insanları, cəmiyyəti düşündürən suallara cavab axtarmalıdırlar.

 





03.05.2022    çap et  çap et