Vaxt.Az

O gecə və bu gecə Alimlə


 

Bu adam cazibəsində əsir olduğunuz ənginilikdəki işıqdır

O gecə və bu gecə Alimlə İllər öncə – 2011-in 21 noyabrında, Xan Şuşinskinin 110 yaşının tamamında Beynəlxalq Muğam Mərkəzində sıradan olmayan bir sənət bayramı yaşanırdı və Alim Qasımov da böyük ustadın ruhuna təzim etməyə gəlmişdi.

O gecə, Alimin oxusundan əvvəl və sonra mən bir neçə kəlmə demişdim.

Və zahirən o dediklərimdə qeyri-adi heç nə yoxdur.

Amma orası da var ki, həmin dediklərim də qətiyyən səbəbsiz və adi deyil.

İndi bu sətirləri də ona görə yazıram ki, əvvəldə və sonda söylənmiş  və üzdən sanki hər kəsə məlum təəssüratı oyadan, ancaq daxilində daha ağır yük daşıyan  sözlərimin  mahiyyətini çatdırım.

O gecə içində o sözləri həmin oxudan ayırmaq olmazdı.

Həmin gecədən Alimin oxuduğu parçanı kəsərək hər kəsin eşitməsi, görməsindən ötrü baxım şəbəkələrində məhz bu şəkildə Alimgil yerləşdiriblər.

Yalnız oxunu yox, həm də ifanı önsözü və sonsözü ilə birgə yerləşdiriblər.

Çünki hər halda Alim hər kəsdən daha öncə həmin müqəddimə və yekunvurmanın nə demək olduğunu, hansı siqləti daşıdığını daha incəliklə duyur.

…Parlaq olmağın bütün məziyyətləriylə yanaşı həm də nə qədər çətin, hərdən qüssəli, bəzən əzablı bir qismət olduğundan yaxşı agaham.

Bəlli bir ömür yaşamışam, gördüklərimi görmüşəm, amma son min ildən artıq bir dövrün tarixinə də, o tarixin qoynundakı yüzlərlə heç vəchlə adi hesab edilə bilməyəcək tale sahiblərinə də müfəssəl araşdırmalarımla yetərincə bələdəm.

Və Alim Qasımov da mənimçün sadəcə Allahın xəlq etdiyi bir səs möcüzəsi, misilsiz xanəndə deyil. Həm də qəlbimə çox yaxın, doğma qardaş qədər əziz saydığım bir insandır.

Bilirəm ki, bu hisslərimiz də qarşılıqlıdır.

Xan Şuşinskinin 110 yaşı münasibətilə Muğam Mərkəzində keçirilən o gecədə ki, Alim də səhnəyə çıxdı, oxudu, ona qədər neçələri səhnəyə qalxmışdı, oxumuşdu, hələ sonra da oxuyanlar oldu.

Və tamaşaçı ilə dolu həmin zalda, həmin gecə ilk sırada əyləşənlər adi dinləyicilər və əsla sadə adlandırılası sənətkarlar deyildilər.

Onların hər biri böyük sənətkar idi, qüdrətli ifaçı idi.

Habil Əliyev idi, Əlibaba Məmmədov idi, Arif Babayev idi, Canəli Əkbərov idi, Ramiz Quliyev idi və daha neçələri.

Onlar minnətdar və ürəkdən gələn alqışın məsudluğunu bütün şirinliyi ilə lap çoxdan dadmış, dinləyici qəlbini ram və fəth etməyin nə demək olduğunu əla anlayan ustadlar idilər.

Onlar özləri də ömürləri boyu az alqışlar qazanmamış, az fəthlər etməmişdilər.

Ancaq Alim oxuyurdu və bu hələ-hələ rast gəlinən oxu deyildi.

Alimin o axşamkı oxusu bir TRİUMF idi! (Zəfər bu yerdə, həmin oxuya qiymət veriləsi gücdəki söz deyil!).

Heç kim indiyəcən bu cür oxumamışdı və oxuya da bilməzdi.

Yalnız o gecənin içərisini də nəzərdə tutmuram.

Ümumən, o vaxtacan oxunmuşların və oxuyanların hamısını deyirəm!

Bu həqiqəti həmin gecə ilk cərgədə oturan püxtə, yol keçmiş  sənətkarların hər biri, əlbəttə ki, məndən az hiss etmirdi.

Və şübhəsiz ki, hər bir insan, illah da hər bir sənətkar kimi o anda onların hər birinin içərisində bir rəqiblik duyğusu da olmamış deyildi.

Həmin hiss o zalda Alim səhnəyə gələrək oxumağa başlamazdan əvvəl də vardı, oxuduqca və oxusunu bitirəndən sonra isə ikiqat artıqlığı ilə üzə çıxdı.

Bu rəqiblik duyğusu hər sənətkar üçün vacibdir.

Məhz o hiss çox zaman sənətkarı daxilən səfərbər edir, hünərlər göstərməyə yönəldir.

Səhnədə mən idim, Alim idi, tarçı, kamançaçı idi.

Alim oxuyurdu. Onu ən yaxın məsafədən dinləyir, görürdüm.

Hər kəsə də görünürdü ki, bu Alim oxusu, Adam oxusu deyil, Ayrı bir Oxudur!

Mən üstdən aşağını, çöhrələri, o üzlərdəki, gözlərdəki ifadələri də aydın görürdüm.

Alimin səhnədə oxuyaraq doğurduğu əfsunların əks-sədasını o sifətlərdə də seyr edirdim.

Çöhrələrdən səhnəyə yönələn istini də, soyuğu da zərrə-zərrə duyurdum.

O cür istilik və soyuqluq mənə bütün çeşidləri və çalarları ilə tanışdır.

Həqiqətən Alim o anlarda insan deyildi, bir quş idi.

Sadəcə quş yox, qartal idi, qızılquş idi.

Sakit durub qəfilcə zirvəyə şığıya bilirdi, o zirvədən izahsız bir işıq sürətiylə və ağlasığmaz ehmallılqla təzədən yamaca enirdi, muğamın qapısından girib, bacasından çıxırdı, bu cığırından o cığırına elə məharətlə adlayıb az sonra təzədən elə məlahətlə geri dönürdü ki, oxuduğu sözlər, təsirli boğazlar qədər bu gedib-gəlmələr valeh edir, sehirləyirdi.

Oxuduqca qəhərləndirirdi, heyrətləndirirdi, düşündürürdü, Allahın böyüklüyünə şükür etdirirdi, tilsimli gözəllik önündə mat qoyurdu…

Alim oxusunu bitirmişdi, Muğam Mərkəzi alqış seliylə çalxanırdı.

Bəlkə də bu elə gözəl bir sonluq idi.

Alimə təşəkkür edib gecəni davam etdirmək olardı.

Fəqət mən o cür etsəydim Alimin o axşamkı TRİUMFu tam etiraf edilməmiş, məhz müstəsna zəfər olduğu SÖZlə, hamı qarşısında ifadəsini, təsdiqini tapmamış qalacaqdı.

Və o cür oxu yaxşı, lap gözəl ifadan sonra başqalarına da qismət olan gur alqışılarla tamamlansaydı, az olardı.

Alim sadəcə gözəl oxumamışdı axı!

Bu oxu gözəllikdən də ucadaydı.

Alim başqalarının yetə bilmədiyi qaib aləmə dəyib qayıtmışdı.

Alqışlar davam edirdi, oxu bitmişdi.

Alim olmuşdu adi adam, bayaqkı yetilməz ucalıqlardan enmişdi insanlar arasına.  Onu indi buradakı baxışların, hisslərin, düşüncələrin, ürəkdənkeçənlərin əlindən qopararaq dübarə bayaqkı müdhiş yüksəkliklərə dikəltmək gərək idi. 

Alim gərək o anlarda aldığı qiymətlə də əvvəlki heyrətli fəzaya təzədən qalxaydı, gərək hökmən bəyan edilə idi ki, bu adam bayaq cazibəsində əsir olduğunuz ənginilikdəki işıqdır, ona səhnəyə baxıb əl çalmayın, gözlərinizi gözlərə dikərək alqışlayın. Bu, sadəcə böyük sənətkar deyil!

O QƏLƏBƏnin qiyməti gələcəkdəki xatirələrdə deyil, həmin anın içində verilməli idi.

Elə həmin sayaq da oxusundan əvvəl də uyğun söz deyilməli, böyüklüyü bir daha ucadan elan edilməli, o axşam üçün Alimə uçuş zolağı verilməli, yolu açılmalı idi ki, bu Təntənəyə könlü istəyən kimi çata bilsin.

Axı mən oxusundan öncəki isti və soyuq dalğaları da o axşam da, ondan əvvəlki və sonrakı neçə axşamda da əyaniliyi ilə sezmişəm.

Həm də o cür dalğaları dəfələrlə tək Alimlə bağlı müşahidə etməmişəm ki!

Və hər parlaq istedadın anında söylənən, ürəklə, qəlbin bütün genişliyi ilə, səmimiyyətlə, vəcdlə, məhəbbətlə dilə gətirilən o cür qanadlandırmaya daim ehtiyacı var.

Amma neyləməli ki, adətən bu qəbil umulan sözləri əsirgəyirlər, qızırqanırlar, qıymırlar.

Parlaqları onları təqib edən nəfslərdən, nəfəslərdən, qibtələrdən, həsədlərdən, bəlkə də dəqiq ifadəsi ola biləcək sözün tapılmadığı digər qarışıq və xıltlı hisslərdən hifz etməkçün söz deməyi rəva görmürlər.

Sizə sehrkar kimi görünün parlaqlarınsa həmişə o dayağa, o zirehə, o qanada ehtiyacı var!

Axı onlara uçmaq, insanı da uça bildikləri əlçatmazlıqlara apara bilmək  qabiliyyətini  Allah özü verib.

Bir başqasını deyil, məhz onları seçərək bəxş edib.

Axı bu Pərvərdigarın iradəsidir!

Onların uçmağını O özü istəyirsə bizlər, sizlər nəkarayıq – qanad verin, əsirgəməyin, qoyun uçsunlar!

Axı onlar da bir gün bu müstəsna uçuşlarına oxşamayan ayrı bir uçuşla, hamı kimi  birdəfəlik qanadlanıb gedəcəklər.

Və nələr yaradıblarsa, nələr yaradırlarsa və nələr yaradacaqlarsa, insanlara qalacaq!

Bizə bağışladığın gözəlliklərə görə bir daha intəhasız mərhəmət və şəfqətinə tapınırıq, Ulu Yaradan!

İçərimizi daha təmiz et, naqisliklərimizdən keç, lütfünü bizdən kəsmə, İlahi!

…Bilmirəm, o vaxt, 2011-ci ilin noyabrında möhtəşəm Xan gecəsində Alimi həmin dəqiqələrdə ona hamıdan yaxında əyləşərək duyğulanmadan, hissə qapılmadan necə dinləmişəm.

İndi həmin gecəki oxuya dönə-dönə qulaq asıram, hər dəfə də hansısa məqamlarını, xırdalıqlarını elə bil ilk dəfə eşidirəmmiş kimi təsirlənirəm, kövrəlirəm, duyğulanıram.

Və indi bunları yazdım ki, siz də oxuyun, sizdən əvvəlsə Alim oxusun.

Oxusun və xəyalən qayıtsın həmin unudulmaz axşama, həmin anları bir də yaşasın, təsirlənsin, kövrəlsin, duyğulansın və olaq əvəz-əvəz!

29 aprel gecəsi, 2022, Strasburq  

 





01.05.2022    çap et  çap et