Vaxt.Az

Füzulidə növbəti təməlqoymalar


 

Peşə liseyi, xəstəxana, park, ağıllı kənd ...

Füzulidə növbəti təməlqoymalar Uzun müddət işğal altında qalan Füzulu şəhəri yenidən qurulur və bərpa olunur. Mayın 10-da Azərbaycan Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli şəhərində Peşə Liseyinin və 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulması mərasimində iştirak ediblər və yeni yaradılacaq parkda ağac əkiblər.

50 minlik sakini olacaq Füzuli şəhəri gözləniləndən daha qısa müddətdə yenidən bərpa olunub məskunlaşmağa hazır olacaq. İşğaldan azad olunan ərazilərimizdə ikinci ağıllı kənd də Füzuli şəhərinin yaxınlığında yerləşən Dövlətyarlı kəndində inşa ediləcək.

Son təməlqoymalar bir daha təsdiq edir ki, Füzuli rayonu artıq yeni bərpa-quruculuq işlərinə qədəm qoyub. Füzuli Beynəlxalq Hava Limanı dünyada ən qısa müddətdə inşa edilən hava limanlarından biridir. Hava Limanı beynəlxalq standartlara uyğun olaraq qurulan və beynəlxalq uçuşları həyata keçirəcək imkanındadır.

Füzuli rayonunun nəqliyyat və logistik infrastrukturunun formalaşdırılması istiqamətində də işlər intensiv şəkildə həyata keçirilir. Horadiz-Ağbənd dəmir yolu xətti, eləcə də Horadizlə Zəngilanı birləşdirəcək avtomobil yolu, o cümlədən Füzuli-Hadrut, Füzuli-Şuşa Zəfər yollarının inşa edilməsi də ondan xəbər verir ki, işğaldan azad edilmiş torpaqlarımız çox qısa zamanda bərpa və yenidənqurma mərhələsinə qədəm qoyub. Bərpa və yenidənqurmanın daha intensiv şəkildə aparılması məskunlaşma prosesinin gözləniləndən daha tez olacağından xəbər verir.

Füzuli şəhəri öz tarixində bütövlükdə yeni mərhələyə qədəm qoyur. Biz gülüş və həyatın uzun zamandır işğalda qalan Füzuliyə yenidən qayıtdığını görəcəyik. Füzuli artıq yeni və müasir standartlara uyğun olaraq qurulan bir şəhər olacaq. Bu da təbii ki, Qarabağın həyata yenidən və daha tez qayıdacağı anlamına gəlir.

 





11.05.2022    çap et  çap et