Vaxt.Az

“Girova çevrilmiş” iranlı ailələr


 

SEPAH üzvləri ilə burada xidmət keçməyə məcbur qalmış keçmiş çağırışçılar arasında fərq qoymalıdı

“Girova çevrilmiş” iranlı ailələr ABŞ-ın İranın İslam İnqilab Keşikçiləri Korpusunu (İİKK - SEPAH) qara siyahıya salması yüzlərlə ailənin üzvlərini bir-birindən ayrı salıb. ABŞ-da ailələri olan keçmiş SEPAH çağırışçılarının bu ölkəyə girişi qadağan olunub.

Həmin şəxslərin bəziləri deyirlər ki, SEPAH üzvlərinə fərqli münasibət göstərilməliydi. Vaşinqton İran silahlı qüvvələrinin qanadı olan SEPAH 2019-cu ildə terrorçu qurum kimi tanıyıb.

***

Şadi üç il öncə çoxdankı arzusuna çatıb, nüfuzlu Harvard Tibb Məktəbində tədqiqat təqaüdü əldə edib. Amma o indi təqaüddən imtina etmək istəyir, çünki ərinin Birləşmiş Ştatlara daxil olmasına qadağa qoyulub.

Şadinin əri on il qabaq SEPAH-da məcburi hərbi xidmət keçib. 2020-ci ildə onun ABŞ vizası üçün müraciəti rədd edilib.

“Çağırışçılar onların nəzarətində olmayan şeyə görə cəzalandırılırlar”, – deyən Şadi məsələnin həssaslığına görə adını tam açıqlamır. Onun fikrincə, ABŞ SEPAH üzvləri ilə bu qurumda xidmət keçməyə məcbur qalmış keçmiş çağırışçılar arasında fərq qoymalıydı.

18-49 yaşlı iranlı kişilər ordunun üç qanadından birində – polis, ordu, yaxud SEPAH-da 21 ay hərbi xidmət keçməyə məcburdurlar. Harada xidmət keçməyə isə onlar özləri qərar vermirlər.

Tramp administrasiyası üç il qabaq SEPAH-ı Xarici Terrorçu Təşkilat (ingiliscə FTO) siyahısına salıb. Jurnalist Gülnaz İsfəndiyari ABŞ-ın sanksiya siyahısının yüzlərlə ailəyə təsir göstərdiyini yazır.

***

“İranla ABŞ-ın ədavətinin girovuna çevrilmişik. Biz adi adamlarıq, SEPAH-la əlaqəmiz yoxdur”, – 30 il öncə SEPAH-da hərbi xidmətdə olmuş Peyman deyir.

Peymanın valideynləri və qardaşı ABŞ vətəndaşlarıdır. O, 2018-ci ildə ABŞ vizası üçün müraciət edib, amma iki ildən sonra rədd cavabı alıb.

“Bu, gələcəyimizə, uşaqlarımızın gələcəyinə təsir göstərir”, – Peyman deyib.

O, ABŞ Prezidenti Co Baydenin bu təsnifatı ləğv edəcəyinə ümid bəsləyir. Ekspertlərin fikrincə, əsasən simvolik sayılan bu addım SEPAH-ın fəaliyyətini, onun regionda silahlı qruplara iddia olunan dəstəyini məhdudlaşdıra bilməyib.

***

ABŞ mediasında gedən məlumatlara görə, Bayden SEPAH-ı FTO siyahısından çıxarmağa elə də meylli deyil. Bu təsnifat İranın dünya gücləri ilə 2015-ci il nüvə sazişini dirçəltmək səyləri yönündə də böyük əngəl sayılır. Tehran SEPAH-ın siyahıdan çıxarılmasını tələb edir.

“Biz tərkib hissəsi olmadığımız bir məsələyə zorla cəlb edilmişik”, – bunu isə iranlı ərindən ayrı düşmüş ABŞ vətəndaşı Elli deyir. Onun həkim əri illər öncə SEPAH-da çağırışçı kimi xidmət edib.

“ABŞ vətəndaşı olaraq ərimi buraya gətirmək hüququm var. Amma bunu edə bilmirəm. Hiss edirəm ki, bizə heç kəs qulaq asmır. Biz əziyyət çəkirik. Mən depressiyaya düşmüşəm, buraya köçmək istəyən ərim üçün çox çətindir”, – Elli danışır.

Elli fevralın 22-də Ağ evin qarşısında etiraza çıxan onlarla şəxsdən biridir. Nümayişçilər Bayden administrasiyasını SEPAH çağırışçılarının ABŞ-da girişinə qadağaya son qoymağa çağırıblar.

Dövlət katibi Entoni Blinken ötən ay etiraf edirdi ki, bu qadağa “ABŞ-a böyük fayda vermir”.

***

Milli İran Amerika Şurasının siyasət üzrə direktoru Ryan Kostello deyir ki, ABŞ hökuməti məsələyə daha çevik yanaşma sərgiləməlidir. O, qadağanın geriyə şamil olunduğunu nəzərə alanda, “viza qadağasının milyondan çox keçmiş çağırışçıya şamil olunacağını” vurğulayıb.

SEPAH-da hərbi xidmət keçmiş memar Mehrbada da ABŞ vizası verilməyib. Onun qızı Birləşmiş Ştatlarda yaşayır.

“Mən 20-25 il qabaq SEPAH-da çağırışçı olmağımın bədəlini ödəməliyəm. Mən üzv olmamışam”, – o deyir.

Onun həyat yoldaşı Səidə isə mütəmadi İranla ABŞ arasında səyahət edir.

“SEPAH-ın FTO siyahısında qalıb-qalmaması vecimə deyil. Bunun bizə dəxli yoxdur. Amma çağırışçıların məsələsi ayrılmalıdır”, – o, radioya deyib.

 





11.05.2022    çap et  çap et