Vaxt.Az

Xarkov ətrafında döyüşlər şiddətlənib


 

İşğalçılar “Aovstal”ı sutka ərzində 34 dəfə təyyarə ilə bombalayıb

Xarkov ətrafında döyüşlər şiddətlənib Ukrayna mayın 10-da bildirib ki, onun silahlı qüvvələri Xarkov şəhərindən şimalda və şimal-qərbdə bir neçə yaşayış məntəqəsini Rusiya qoşunlarından geri alıb. “Reuters” agentliyi yazır ki, bu əks-hücumlar müharibədə üstünlüyün dəyişməyə başlamasından və Rusiyanın əsas hücumunun axsamasından xəbər verə bilər.

Agentlik bu ərazidəki Ukrayna silahlı qüvvələrinin mətbuat katibi Tetyana Apatçenkoya istinadən xəbər verir ki, Ukrayna qoşunları ölkənin ikinci böyük şəhəri olan Xarkov yaxınlığında son günlərdə Çerkaskiye Tişki, Ruskiye Tişki, Borşova və Slobojansk qəsəbələrinə nəzarəti bərpa edib.

Ukrayna Müdafiə Nazirliyinin müşaviri Yuriy Saks “Reuters”ə bildirib ki, Ukrayna qüvvələrinin bu uğurları nəticəsində Rusiya qoşunları Xarkovun şimalından şəhəri artilleriya atəşinə tuta bilməyəcəyi məsafədə geri oturdulub.

***

Hərbi ekspertlər deyirlər ki, Rusiya qoşunlarının Rusiyanın öz sərhədlərinə doğru sıxışdırlması Ukrayna qüvvələrini onların təchizat xətlərinə yaxınlaşdırır.

Londondakı RUSI institutundan ekspert Neyl Melvin “Reuters”ə deyib:

“Ukraynalılar Rusiya sərhədinə yaxınlaşırlar. Beləliklə də Rusiya qüvvələrinin müdaxilənin ilk günlərində qazandığı mövqelər əldən çıxır”.

“Reuters” yazır ki, Rusiya qüvvələri martın axırlarında Kiyev ətrafından çəkilib getməli olduqdan sonra Moskva əsas qüvvələrini Donbasa yönəltməyə çalışır.

***

Rusiya qoşunları İzyum şəhərindən baza kimi istifadə edərək Ukrayna döyüşçülərini mühasirəyə almağa çalışır. Xəbərdə deyilir ki, hələlik Ukrayna qüvvələri bu hücumları dəf edə bilib.

Lakin təqaüddə olan keçmiş ABŞ generalı, hazırda isə Müharibə Araşdırmları (“İnstitute for the Study of War”) analitik mərkəzinin sədri “Reuters” agentliyinə deyib ki, Ukrayna qüvvələrinin əks-hücumları Moskvanın diqqətini İzyuma gedən uzun təchizat xətlərinə yönəldə bilər:

"Bizim qiymətləndirməmizə görə Xarkov yaxınlığında baş verənlər rusları Donbas regionu üzərində nəzarəti təmin edəcək istiqamətlərdən yayındıra bilər”.

***

Ölkənin cənubunda isə Rusiya qüvvələri Mariupolda mühasirədə olan “Azovstal” zavoduna hücumları davam etdirir.

Bu zavodda minədək ukraynalı əsgərin olduğu və qızğın müqavimət göstərdiyi xəbər verilir.

“Azovstal”da son istehkamını qurmuş Azov alayı sosial media postlarında bildirib ki, son 24 saat ərzində onların başı üzərindən strateji bombardmançılar da daxil 34 Rusiya hərbi təyyarəsi uçub.

Odessa səhər saatlarında Rusiyanın raket zərbələrinə məruz qalıb. Bu hücum nəticəsində bir nəfərin öldüyü, 5 nəfərin xəsarət aldığı bildirilir.

Odessaya raket hücumuna görə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə Ukraynanın baş naziri Denis Şmıhal arasında aparılan danışıqlarda fasilə elan etmək lazım gəlib.

Ukrayna hərbçiləri bildirirlər ki, mayın 10-da Donbasda Rusiyanın 12 tankı və 19 PDM-i məhv edilib.

 





11.05.2022    çap et  çap et