Vaxt.Az

Pensiya yaşı azaldılacaqmı?


 

Baş daşları üzərindəki rəqəmlər rəsmi statistika ilə uyuşmur

Pensiya yaşı azaldılacaqmı? Doğurdanmı Azərbaycanda insanlar orta hesabla 77 yaşa qədər yaşayıb, pensiya alır? (65 yaşda pensiyaya çıxan insan pensiya kapitalının 12 ildə olan ayların sayına (144-ə) bölünərək aylıq pensiya müəyyən edilməsi orta hesabla insanların 77 il yaşamasını qəbul etmək deməkdir).

Əvvəlcə pensiya almadan ölənlərdən başlayaq.

2002-ci ildə əmək qabiliyyətli əhali arasında 11588 nəfər ölmüşdüsə, 2020-ci ildə 27991 nəfər dünyasını dəyişib. Bu pensiya almadan ölənlərin təxminən 150 faiz artması deməkdir.

Bunun bir neçə səbəbi olsa da, əsas səbəb pensiya yaşının artırılmasıdır.

Çünki, 2009-cu ilə qədər əmək qabiliyyətli əhali olaraq kişilər 15-61 yaş, qadınlar 15-56 yaş arası hesab olunurdu. Amma 2020-ci ildə bu yaş həddi kişilər üçün 15-64, qadınlar üçün 15-61,5 yaş hesab edilirdi.

Burada Koronavirusun yaratdığı “ölüm dalğasının” da səbəbləri vardı. Amma virusun ölüm dalğasından əvvəlki 2019-cu ildə əmək qabiliyyətli kateqoriyaya daxil olan 19000-ə yaxın insan ölmüşdü.

Göründüyü kimi pensiya yaşı artırıldıqca pensiya almadan ölənləri sayı kəskin artır. Bu artım illər üzrə bərabər qalxmır, artan hər pensiya yaşına ölüm daha çox artır. Məsələn, pensiya yaşını 55-dən 56-ya qaldıranda əvvəlki illə müqayisədə təxminən 300 nəfər daha çox ölüm olursa, 65-yaşdan 66 yaşa qaldıranda ölüm sayı 300 yox, 1000 artır. Yəni bioloji yaş artdıqca ölüm daha çox artır. Bu təxminən həmin qədər insanın bu və ya digər formalı pensiya hüququndan istifadə edə bilmədən dünyasını dəyişməsi deməkdir.

Pensiya yaşının azaldılması ilə bağlı son günlər Milli Məclisdə olan müzakirələr müsbət hal olsa da, reallaşdırılması gözlənilən deyil. Ona görə ki, 2027-ci ilə qədər pensiya yaşının artırılması qanunla təsdiqlənib. Belə ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılıb 65-ə çatdırılması nəzərdə tutulub. Hazırda kişilərin pensiya yaşı 65 olub, qadınların pensiya yaşı isə 62 il 6 aydır. 1 iyul 2022 – 30 iyun 2023 tarixində isə qadınlar üzrə 63 il olacaq.

Beləliklə, azalan hər pensiya yaşı əlavə xərc, artan hər pensiya yaşı isə qənaət deməkdir. Odur ki, yaxın vaxtlarda pensiya yaşının azalması ilə bağlı addımın atılacağı gözlənilən deyil.

O ki qaldı, 65 yaşda pensiyaya çıxan insanın toplanmış pensiya vəsaitinin 144-ə bölünərək 12 il pensiya alacağını hesab etməyə, bunu da bir mənalı qarşılamaq çətindir. Yuxarıda qeyd etdiyim kimi, əgər özümüz hansısa bir statistikanı hesablaya bilmiriksə, rəsmi statistikanı qəbul etməliyik. Odur ki, mən 77 yaş statistikasını inkar etmədən, sadəcə bir müşahidəmi qeyd etmək istəyirəm ki, son bir ildə ölüm xəbərini eşitdiyim insanların orta yaşı heç 70-i keçmir. İş burasındadır ki, qəbiristanlıqları ziyarət etdiyimiz zaman baş daşları üzərindəki rəqəmlər də rəsmi statistika ilə heç uyuşmur. Düzdür, bu peşəkar yanaşma olmadığı üçün bunu əsas götürmək olmaz. Amma müxtəlif fərdlərin müxtəlif regionlardakı müşahidələri çox oxşardırsa, deməli bu haqda düşünməyə dəyər.

 





11.05.2022    çap et  çap et