Vaxt.Az

Ərdoğan nə dərəcədə haqlıdır?


 

Türkiyənin Finlandiya və İsveçi NATO-ya buraxmamaq təşəbbüsü ...

Ərdoğan nə dərəcədə haqlıdır? Donetsk, Luqanskda Ukrayna ordusuna qarşı vuruşan bütün hərbçilərə, onlara dəstək verən mülki şəxslərə qarşı Ukraynada cinayət işi açılıb 2013-cü ildən etibarən. Həmçinin Krımda saxta referendum təşkilatçılarına, həmin ərazinin bütün idarəçilərinə də cinayət işi açılıb.

Bu insanlara qarşı Avropa İttifaqı ölkələri də eyni tutumu sərgiləyir, onlar Aİ ölkələrindən birinə daxil olmaq istəyəndə bu şəxslər həbs olunub Ukraynaya verilməlidir.

Bu şəxslərin Türkiyə ərazisində Kürdüstan dövləti qurmaq istəyən PKK  terrorçularından fərqi nədir? Fərq axtarsaq görərik ki, PKK terrorçuları Donetsk, Luqanskdakı həmkarlarından daha betərdir. PKK terrorçuları hərbçilərlə qarşı  hücumlar təşkil etməklə  yanaşı ,Türkiyənin iri şəhərlərində mülki əhalinin sıx toplaşdığı yerlərdə  terror hadisələri törədib.

Türkiyə bu terrorçuları müəyyən edib onları həbs etmək üçün addımlar atmaq istəyəndə onlardan bir qismi ölkəni tərk edə bilib. Finlandiya və İsveçə gedən PKK terrorçuları asanlıqla bu ölkələrdə qaçqın statusu ala biliblər. Bu şəxslər özlərinin keçmişini heç vaxt gizlətməyiblər, əksinə özlərini avropalılara azadlıq mücahidi kimi təqdim ediblər.

Türkiyə dövlətinin terrorçu kimi axtarışa verdiyi pkkçıların bir qismi Ərdoğan iqtidarı dönəmindən öncə axtarışa verilib. Hansı ki, həmin iqtidarlar Ərdoğan iqtidarından daha demokratik idilər. ABŞ, Avropa ölkələri ilə heç bir ciddi problem yaşamırdılar. Avropalı siyasətçilərin bəzisi Ərdoğanın terrorçu elan etdiyi şəxsləri onun siyasi rəqibi kimi qəbul edə bilər. Buna görə həmin şəxslərin Türkiyəyə verilməsi doğru saymırlar.

Bəs onda Ərdoğandan öncəki iqtidarların zamanında axtarışa verilən terrorçular niyə Türkiyəyə təhvil verilmir? Axı onlar da Luqansk, Donetsk, Krımdakı separatçılarla eyni mahiyyəti  daşıyırlar. Putinin qızının 10 il öncə sevgilisi olmuş, heç vaxt siyasətlə məşğul olmayan, hazırkı müharibəni pisləyən şəxsə sanksiya tətbiq edən İsveç və Finlandiya Türkiyədə dinc insanları öldürən PKK terrorçusuna isə sığınacaq verir.

Avropa və bütün dünyanın təhlükəsizliyi baxımından İsveç və Finlandiyanın NATO-ya üzv olması vacibdir. Amma ilk öncə bu ölkələr PKK-nı terror təşkilatı kimi tanımalı, ölkələrində sığınacaq tapmış terrorçuları Türkiyəyə təhvil verməlidirlər. Ərdoğan İsveç Finlandiyanın önünə qoyduğu bu şərtdə tam haqlıdır.

 





15.05.2022    çap et  çap et