Vaxt.Az

“Bu iş həssaslıq və vaxt tələb edir”


 

Zelenski: “Ukraynalı qəhrəmanları Ukraynaya sağ-salamat lazımdır”

“Bu iş həssaslıq və vaxt tələb edir” Ukrayna ordusu çərşənbə axşamı üç aydır Rusiyanın bombardmanı nəticəsində dağılan Mariupol şəhərində “Azovstal” polad zavodunda qalan döyüşçülərin təxliyə edilməsinə çalışıb.

Ukrayna rəsmiləri bildirib ki, bazar ertəsi 260-dan çox döyüşçü evakuasiya olunub.

Müdafiə nazirinin müavini Anna Malyar bildirib ki, ciddi xəsarət alan 53 döyüşçü Mariupolun şərqində Novoazovsk şəhərində xəstəxanaya çatdırılıb. Novoazovsk Rusiya qoşunlarının və Rusiyanın dəstəklədiyi separatçıların nəzarəti altındadır.

Malyar deyib ki, 211 digər döyüşçü Olenivka şəhərinə aparılıb ki, ona da Rusiyanın dəstəklədiyi separatçılar nəzarət edir. O əlavə edib ki, evakuasiya olunan döyüşçülər Rusiya ilə mümkün məhbus mübadiləsində iştirak edəcəklər.

Ukrayna Prezidenti Vladimir Zelenski gecə xalqa müraciətində əsgərlərin Mariupoldan təxliyəsini müzakirə edib.

“Mən vurğulamaq istəyirəm ki, ukraynalı qəhrəmanları Ukraynaya sağ-salamat lazımdır. Bu bizim prinsipimizdir”, Zelenski deyib.

“Mən düşünürəm ki, hər bir adekvat insan bu sözləri başa düşəcək. Mariupolun müdafiəçilərini xilas etmək əməliyyatı bizim ordumuz və kəşfiyyat rəsmilərimiz tərəfindən başladılıb. Oğlanları evə qaytarmaq üçün işlər davam edir və bu iş həssaslıq və vaxt tələb edir”.

Malyard deyib ki, ölkənin cənubunda dağılmış Mariupol şəhərində müqavimətin son istehkamı olan zavoddan qalan döyüşçüləri xilas etmək üçün səylər davam edir.

“Mariupolun müdafiəçiləri sayəsində Ukrayna kritik əhəmiyyətli vaxt qazandı,” o deyib. “Onlar bütün işlərini yerinə yetirdilər. Amma “Azovstal”ın blokadasını hərbi yolla aradan qaldırmaq mümkün deyil,” o bildirib.

Bundan əlavə Ukrayna bazar ertəsi bildirib ki, qüvvələr ukraynalıların Rusiya sərhədinə çatmasına imkan verən əks hücum nəticəsində rus qoşunlarını Xarkov bölgəsindən çıxara biliblər.

Ukraynanın Müdafiə nazirliyi qoşunlarının sərhəddə olduğunu göstərdiyini bildirdiyi video yayıb. Həmin videoda əsgərlərdən biri Ukrayna Prezidenti Vladimir Zelenskiyə “Biz burdayıq” deyir.

ABŞ-ın yüksək səviyyəli müdafiə rəsmisi bildirib ki, Ukrayna qoşunları Rusiya sərhədinin 2-3 kilometr yaxınlığındadır.

Ukrayna qüvvələri Rusiyanın Ukraynanın ikinci ən böyük şəhəri Xarkova doğru irəliləməsinin qarşısını alandan sonra bölgədə müəyyən ərazini geri alıblar və diqqətini Donbas bölgəsinə yönəldən Rusiyanı İzyumdan çıxarmağa çalışıblar.

“Kreml Kiyev, Xarkov və Odessanı, sonra isə ən azından Donetsk və Luqansk regionlarını almağı xəyal edirdi,” Zelenskinin müşaviri Mixail Podolyak bazar ertəsi “Twitter”də yazıb. “İndi Rusiya qoşunları qüvvə çatışmazlığı səbəbilə diqqətlərini Luqansk bölgəsində cəmləşdiriblər. Biz imperiya meqalomaniyasını müalicə etməyə davam edirik və Moskvanı reallıqla üzləşməyə vadar edirik”, o deyib.

Vaşinqtonda ABŞ-ın yüksək səviyyəli müdafiə rəsmisi bazar ertəsi Donetskdə ağır döyüşlərin getdiyini bildirib, ancaq Rusiyanın əldə etdiyi irəliləyişlərin “dəyişkən, yavaş, tədricən baş verən, qısa və kiçik” olduğunu deyib.

“Biz ruslar arasında tələfatların olmağa davam etdiyini bilirik,” rəsmi deyib. “Onlar hər gün avadanlıq və sistemlərini itirməyə davam edirlər,” o bildirib.

Ukrayna ilə müttəfiq olan Qərb ölkələri Kiyev qüvvələrinə daha çox silah göndərməyə davam edirlər. Belə ki, son 24 saatda yeddi ölkədən hava yolu ilə 10 çatdırılma həyata keçirilib. Bu barədə ABŞ-ın müdafiə rəsmisi bazar ertəsi müxbirlərə məlumat verib.

 





17.05.2022    çap et  çap et