Vaxt.Az

İranda kütləvi tətillər


 

Tehranda avtobus sürücüləri etiraza qalxdı; həbslər var, saxlanılan 14 nəfərdən ikisi Fransa vətəndaşıdır

İranda kütləvi tətillər Tehran hakimiyyəti avtobus sürücülərinin tətilini dayandırmağa çalışır. İran paytaxtında nəqliyyatı iflic etmiş tətilin hökumətə qarşı etirazlarla birləşmək təhdidi isə fars-molla rejimini narahat edir.

Tehran Avtobus Şirkətinin avtobus sürücüləri və digər işçiləri mayın 16-dan tətilə başlayıblar. Şəhər hakimiyyəti polis avtobuslarından və İslam Keşikçiləri Korpusunun sürücülərindən istifadə etməyə vadar olub.

Mayın 18-də yürüşlərin olub-olmadığı bəlli deyil. Avtobus sürücüləri tələbləri yerinə yetirilməyincə etirazları davam etdirəcəklərini deyirlər. Hökumətin maaş artımı vədinə əməl etməməsi, üstəlik, həmkarlar birliyinin və 12 tətilçinin saxlanması sürücülərin səbir kasasını doldurub.

***

Sürücülərə 40 faizlik maaş artımı vəd olunsa da, cəmi 10 faiz artırılıb. İndi onlar 57 faizlik artım, Rza Şahibinin buraxılmasını tələb edirlər. O, hakimiyyəti özünə və ailəsinə qarşı ölüm hədələrini araşdırmağa çağırandan sonra, mayın 10-da evində Kəşfiyyat Nazirliyi əməkdaşları tərəfindən saxlanıb.

Mayın 17-də dövlət televiziyasının yaydığı məlumata görə, Şahibi və digər əmək fəalları iki Fransa vətəndaşı – 37 yaşlı Sesil Kohler və onun 69 yaşlı partnyoru Jak Parislə görüşüblər. Həmin şəxslər Şahibidən bir gün sonra saxlanaraq İranda iğtişaş yaratmaqda suçlanıblar.

Bu arada təhlükəsizik qüvvələri digər şəhərlərdə artan inflyasiyaya, hökumətin bəzi subsidiyaları kəsməsinə etiraz edənlərə qarşı güc işlədir. Azı beş nümayişçinin öldürülməsi xəbərləri gəlir.

Sürücülərin tətili ölkədə iqtisadi vəziyyətə küçə etirazlarından ayrı keçirilir. Etirazçılar bəzən dini rejimi devirməyə çağırırlar.

***

Müşahidəçilərin fikrincə, Tehran bu iki etirazın birləşməsini önləməyə çalışır. Şəhər hakimiyyəti mayın 17-də elan edib ki, yüksək çirklənmə səbəbindən məktəbləri və hökumət idarələrini bağlayır.

“Tətil hökuməti real çətinlik qarşısında qoyub. Hökumətin hava çirklənməsini əsas gətirərək məktəbləri və idarələri bağlamasına baxmayaraq, tətil şəhərdə nəqliyyat bərk təsir göstərib”, – əmək fəalı Peyman Şacirəti deyib.

İrandan kənarda yaşayan fəal deyir ki, tətil metroya və şəhərdəki digər nəqliyyat vasitələrinə keçə, digər işçilər etiraza qoşula bilərlər.

Tehranın meri Əlirza Zakani mayın 17-də Tehran Avtobus Şirkətinin mərkəzinin qərargahına gedib. Etirazçılar onu şüarlarla qarşılayıb, meri səriştəsiz adlandırıb, onun və sindikat direktorunun istefasını tələb ediblər.

Zakaninin ofsi etiraz liderlərilə müzakirələrin “nəticəsiz” qaldığını bildirib.

***

Ötən həftə cənub-qərbi Xuzestan vilayətində başlanmış antihökümət etirazlarında isə sərt-xətt tərəfdarı prezident İbrahim Rəisinin, Ali dini lider Ayətulla Əli Xameneyinin istefası tələb olunur.

Hökumətin bəzi əsas ərzaq məhsullarına subsidiyaları ləğv etməsinə qiymətlərin sürətlə qalxması etirazları alovlandırıb. Ölkədə inflyasiya onsuz da 40 faizdir, işsizlik artır, bitki yağı, dərman qıtlığı yaşanır.

Xameneyi martın 20-də Novruz çıxışında iranlıların “yoxsulluq, qiymət artımı, inflyasiya” ilə üzləşdiyini, bu problemləri tezliklə həll etməyin “mümkün olmadığını” deyirdi.

Üstəlik, hökumətin idxal olunan buğdaya subsidiyaları dayandırmasından sonra hətta fars-molla  rejimin sərt tərəfdarları belə mümkün iğtişaşlarla bağlı xəbərdarlıq edirdi.

***

Hökumətin qərbi Çaharmahal və Bəxtiyari əyalətinin paytaxtı Şəhrikürddə interneti kəsdiyi xəbər verilir. Məhz bu əyalətdə beş etirazçının öldürüldüyü iddia olunur. Digər əyalətlərdə fəalların evlərinə reydlər keçirildiyi, onların döyüldüyü, nümayişçilərin saxlandığı bildirilir.

İnsan haqları təşkilatları, xarici ölkələr, o cümlədən Birləşmiş Ştatlar etirazçılara qarşı zorakılığı pisləyib, iranlıların dinc toplaşma hüququna dəstək bildirib.

Mayın 17-də isə 500-dən artıq tanınmış iranlı ictimai və siyasi fəal bəyanat verərək aparıcı rəsmiləri “problemlərin, xüsusilə inflyasiyanın önlənməsi gecikməmiş düşünməyə” çağırıb.

 





19.05.2022    çap et  çap et