Vaxt.Az

Qubernatorun nitqi


 

Məsələ Rusiyanın imperiya mahiyyətindədir

Qubernatorun nitqi Universitetdə çağdaş Ukrayna ədəbiyyatı üzrə mütəxəssis bir xanımın çox maraqlı mühazirəsi oldu. Xanım Dnepr şəhərindən aprel ayında uşaqları ilə bir yerdə Berlinə gəlməli olub. Mühazirədən sonra bir neçə nəfər həmkar pivə məclisində söhbətləşdik.

Təbii ki, mövzu Ukrayna və müharibə idi, hərə bu mövzuda fikirlərini bildirirdi. Hamımız Slavistika İnstitutunun əməkdaşları olduğumuz üçün hamı mövzuya qismən olsa da bələd idi, söhbətin özü də rusca gedirdi. Müzakirə ərzində bir daha kəskincə hiss etdim ki, adamlar məsələnin kökünü sonacan tutmur. Çünki bütün məsələləri Putinin şəxsinə bağlayırlar, bu da işin mahiyyətini anlamağa mane olur. 

“Əgər Putin getsə, yerinə liberal gəlsə yaxşı olacaq, dostcasına yaşayacağıq.” Bu fikir kökündən səhvdir və biz Qafqazda bunun aksiomunu yaşamışıq. Liberal Yeltsinin dövründə Azərbaycanın və Gürcüstanın başına nələr gətirildi, sonra növbə çeçenlərə çatdı - orada baş verənləri ümumiyyətlə dilə gətirmək mümkünsüzdür və bütün bunlar Putinsiz baş verirdi. Bunu izah edib anlatmaq asan olmur, məsələ Rusiyanın imperiya mahiyyətindədir, hansını ki, Cəfər Cabbarlı “1905-ci” il pyesində Qubernatorun nitqindən ifadə etmişdi. 

“Navalnı Putini həqiqətən ifşa edib, onun həbs edilməsi bunun sübutudur”, – bunu həmkarlardan biri dedi.

 “Edib etsin, bundan bizə nə? Bir-biri ilə davaları varsa, bu məni niyə maraqlandırmalıdır?”, cavab verdim.

- Necə, axı o bu rejimin əleyhinədir, Putinin əleyhinədir!

- Rusiya kontekstində məni maraqlandıran ölkəmin və ümumilikdə Qafqazın təhlükəsizliyi məsələsidir, Moskvada isə kimin gələcəyi məni maraqlandırmır, çünki nəticəsini öncədən bilirəm. 

- Bəs nə təklif edirsiniz, necə olmalıdır? - sualına isə 

- Yalnız demontaj - sözündən sonra ortaya sükut çökdü. 

Başqa heç bir variant bizim üçün məqbul deyil, bunu söyləmək istədim. Anlamağımız gərəkdir. Yoxsa daha Moskvada kim gələcək-filan, bunlar bizi maraqlandıracaq-ilgiləndirəcək məsələ deyil. Əsla.

 





20.05.2022    çap et  çap et