Vaxt.Az

Kiyevdən “Atəşi kəs!” əmri


 

“Azov” batalyonundan şəhərin müdafiəsini dayandırmaq tələb olunub

Kiyevdən “Atəşi kəs!” əmri Mariupoldakı “Azovstal” polad zavodunda qalan sonuncu ukraynalı əsgərlər deyirlər ki, Kiyev onlara döyüşməyi dayandırmağı “əmr edib”.

“Ali hərbi komandanlıq bizə qarnizonumuzun əsgərlərinin həyatını xilas etmək, şəhərin müdafiəsini dayandırmaq əmri verib”, – “Azovstal”dakı əsgərlərə başçılıq edən batalyonun komandiri Denis Prokopenko mayın 20-də “Telegram”da yerləşdirdiyi videoda deyir.

Onun sözlərinə görə, dinc sakinlər evakuasiya olunub, ağır yaralılara gərəkən yardım göstərilib, onlar zavoddan çıxarılıb, “sonra dəyişdirilərək Ukraynanın nəzarətində olan əraziyə aparılacaq”.

Prokopenko “Azovstal”dan ölənlərin meyitlərinin çıxarılması prosesinin davam etdiyini deyib. O ümidini bildirib ki, “yaxın gələcəkdə qohumlar və Ukrayna əsgərlərini şərəflə dəfn edə biləcək”.

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu indiyədək “Azovstal”dan 2 minədək döyüşçünün təslim olduğunu deyib.

“Azovstal”ın blokadası davam edir. Millətçilər fəal şəkildə təslim olurlar. Hazırda 1908 nəfər silahı yerə qoyub”, – Şoyqu televiziya ilə çıxışında söyləyib.

Ukrayna bu rəqəmi təsdiqləməyib, sayı müstəqil təsdiqlətmək də mümkün olmayıb.

“Azovstal”dan çıxarılan əsgərlərin, o cümlədən yaralıların Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçıların nəzarətində olan əraziyə aparıldığı bildirilir.

Ukrayna Baş Prokurorluğunun mayın 20-də yaydığı məlumata görə, Rusiya fevralın sonunda işğala başlayandan 232 uşaq öldürülüb, 427 nəfər yaralanıb.

 





20.05.2022    çap et  çap et