Vaxt.Az

Ukrayna Dağlıq Qarabağda Rusiyaya qarşı vuruşur


 

Muxtariyyət separatizmə impuls verən amildir, xüsusən ermənilər üçün ...

Ukrayna Dağlıq Qarabağda Rusiyaya qarşı vuruşur Qondarma Dnestryanı Moldav Respublikası 1990-cı ildə Rusiyanın dəstəyi ilə yaradılıb. 2008-ci il rus-gürcü müharibəsi zamanı Rusiya tərəfindən ələ keçirilən ərazilərdə isə Abxaziya və Cənubi Osetiya Respublikası ortaya çıxdı. 1992-1994-cü illərdə Dağlıq Qarabağ uğrunda gedən müharibədə Rusiya açıq şəkildə Ermənistana dəstək verib və nəticədə Azərbaycanın 20 faiz ərazisi erməni-rus hərbi birləşmələri tərəfindən işğalı altına düşüb. Ukraynanın tərkib hissəsi olan Krım Muxtar Respublikası 2014-cü ildə Rusiya tərəfindən işğal edilib...

Fakt budur ki, Rusiya Moldova, Azərbaycan, Gürcüstan və Ukraynada separatçı hərəkatlar yaradaraq onların üzərindən adıçəkilən dövlətlərə (üstəlik Ermənistana) təzyiq mexanizmi əldə edib. Moldova, Gürcüstan və Azərbaycanda Rusiya “sülhməramlıları” var. Ancaq Rusiya adıçəkilən ölkələrin heç birində sülhə nail olmayıb. Niyə? Çünki məqsədi süni şəkildə yaradılmış bu münaqişələrin dondurmaq olub...

Rəsmi Moskva 2014-ü ildə Ukraynanın Donbass bölgəsinin separatçı “respublikaları”nı (“Donetsk və Luqansk Xalq Respublikaları”) Rusiyaya birləşdirmək üçün 3 ay öncə müharibəyə başladı. 

Hazırda Rusiya Ukraynada biabırçı məğlubiyyətlə üzləşib. Birmənalı şəkildə demək olar ki, Rusiya Ukrayna (əslində Qərb) qarşısında diz çökəcək. Nəyinki Donetsk və Luqansk, hətta Krım da Rusiyanın əlindən çıxacaq. Eyni zamanda Rusiya Moldova, Gürcüstan və Azərbaycanda separatçılara verdiyi dəstəkdən imtina etmək zorunda qalacaq. Rusiya bütün cəbhə boyu itirə-itirə gedəcək. Bu, qaçılmaz bir prosesdir. Və bu prosesin qarşısını almaq mümkün deyil...

Ümumiyyətlə, bu müharibədən sonra Rusiyanın varlığı ciddi şəkildə şübhə altına düşəcək. Qərbin bu ölkəyə tətbiq etdiyi sanksiyalar o həddədir ki, Rusiya yaxın 10-15 ildə bu məngənədən çıxa bilməyəcək. Qərb Rusiyanı (ən azı Rusiyanın imperiya ambisiyalarını) bitirməmiş, dayanmayacaq...

Bir şeyi də deyim: Dağlıq Qarabağ münaqişəsi bu gün Brüsseldə yenidən gündəmə gələcək. Aydındır ki, Dağlıq Qarabağa müstəqillik vermək məsələsi çoxdan gündəmdən çıxıb. Biz çalışmalıyıq ki, Dağlıq Qarabağa Azərbaycanın daxilində belə hər hansı muxtariyyət verilməsin. Çünki muxtariyyət separatizmə impuls verən amildir. Xüsusən ermənilərə bu boyda qırğından sonra belə bir imkan heç bir halda yenidən vermək olmaz...

Daha bir məqam: Donetsk və Luqansk uğrunda müharibədə Qərbi sərt şəkildə separatizmə qarşı çıxmağa məcbur etdi. Dövlətin ərazi bütövlüyü prinsipi xalqların öz müqəddəratını təyin etmək hüququnu arxa plana atdı. Kataloniya (İspaniya), Kvebek (Kanada), Şotlandiya (Böyük Britaniya), Korsika (Fransa)...kimi separatçı hərəkatlar Qərbin özünü də təhdid edir. Yəni separatizmdən əziyyət çəkən Azərbaycan üçün Qərbdə baş verən bu düşüncə dəyişikliyi son dərəcə önəmlidir və rəsmi Bakıya ciddi manevr imkanları verir...

 





22.05.2022    çap et  çap et