Vaxt.Az

Mühüm nəticələr vəd edən razılıqlar var


 

Sərhəd məsələləri ilə bağlı ilk iclas yaxın günlərdə baş tutacaq, nəqliyyat əlaqələri ilə bağlı prinsiplər razılaşdırılıb

Mühüm nəticələr vəd edən razılıqlar var Mayın 22-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın növbəti görüşü keçirilib.

Qeyd edək ki, bu, “Brüssel formatı”nda sayca üçüncü görüşdür. Avropa İttifaqı Şurası Prezidentinin vasitəçiliyi ilə ilk görüş 2021-ci il dekabrın 14-də keçirilmiş, 2022-ci il aprelin 6-da İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan Brüsseldə növbəti dəfə bir araya gəlmişdilər.

Budəfəki üçlü müzakirələrdən öncə Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycan və Ermənistan liderləri ilə ayrı-ayrılıqda görüşlər də keçirib.

Prezident İlham Əliyev Avropa İttifaqının Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması, iki ölkənin münasibətlərinin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası və demarkasiyası proseslərinə verdiyi dəstəyi yüksək qiymətləndirib  və üçlü formatda növbəti görüşün təşkilinə görə Şarl Mişelə təşəkkürünü bildirib. 

Dövlət başçısı Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan 5 prinsipin təqdim olunduğunu qeyd edib və bu prinsiplərin sülh müqaviləsinin hazırlanmasında əsas rol oynadığını vurğulayıb. Prezident bu il aprelin 6-da Azərbaycan, Ermənistan və Avropa İttifaqı arasında keçirilmiş görüşün nəticələrinə uyğun olaraq, Azərbaycanın aprelin sonunda sülh müqaviləsi üzrə danışıqlara başlamaq üçün İşçi Qrupunun tərkibini, həmçinin sərhədlərin delimitasiyası üzrə milli komissiyanın tərkibini müəyyənləşdirdiyini və bu xüsusda danışıqlara hazır olduğunu bir daha qeyd edib. Həmçinin işğaldan azad edilmiş ərazilərimizdə mina problemi və Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan 4 minə yaxın şəxsin taleyinə aydınlıq gətirilməsinin vacibliyi bir daha vurğulanıb. Dövlət başçısı 10 noyabr (2020) Bəyanatının bütün müddəalarının Ermənistan tərəfindən icra olunmasının zəruriliyini qeyd edib.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Avropa İttifaqının Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə dəstək vermək əzmini bir daha ifadə edib, vasitəçilik səylərini davam etdirəcəyini bildirib.

***

“Brüssel formatı”nda növbəti görüş beş saata yaxın davam edib. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel görüşün yekunlarına dair mətbuata açıqlama verib.

“Bu gün mən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşə bir daha ev sahibliyi etdim. Bu, bizim bu formatda üçüncü müzakirəmiz idi. Biz Cənubi Qafqazda vəziyyət və hər iki ölkənin Avropa İttifaqı ilə münasibətlərinin inkişafına, habelə sərhəd regionuna əsas diqqəti yönəltdik”, – deyə o bildirib. 

Şarl Mişel daha sonra deyib:

– Müzakirə səmimi və məhsuldar oldu, biz bütün məsələləri nəzərdən keçirdik. Bizim humanitar məsələlər, o cümlədən minaların təmizlənməsi və saxlanılanların azad edilməsi ilə bağlı səylərlə əlaqədar ətraflı müzakirəmiz oldu və biz itkin düşmüş insanların taleyinə də toxunduq.

Biz aşağıdakı nəticələrə nail olduq. Sərhəd məsələləri ilə bağlı sərhəd komissiyalarının birinci birgə iclası dövlətlərarası sərhəddə yaxın günlərdə baş tutacaq. Bu iclasda sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlərə toxunulacaq.

Kommunikasiya ilə əlaqədar liderlər nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi zərurəti üzərində razılığa gəldilər. Onlar Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılığa gəldilər. Onlar xüsusilə beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, eləcə də gömrük rüsumları və qaydaları barədə razılığa gəliblər və yaxın günlərdə Baş nazirlərin müavinləri bu işi davam etdirəcəklər.

Sülh sazişinə gəlincə, liderlər Ermənistan ilə Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinə dair müzakirəni davam etdirmək barədə razılığa gəliblər. Yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdikləri nümayəndə heyətləri bu prosesi davam etdirəcəklər.

Bunun davamı olaraq, mən hər iki liderə müraciətlə vurğuladım ki, zənnimcə, Qarabağdakı etnik erməni əhalinin hüquqları və təhlükəsizliyi məsələsinin həll olunması vacibdir.

Sosial-iqtisadi inkişafa gəlincə, Avropa İttifaqı tərəflərlə birlikdə hər iki ölkənin və onların xalqlarının rifahı naminə iqtisadi inkişafı təşviq etməyə çalışan İqtisadi Məşvərət Qrupunun işini inkişaf etdirəcək. Mən, həmçinin əhalinin uzunmüddətli davamlı sülhə hazırlanmasının vacibliyini də vurğuladım və Avropa İttifaqı öz dəstəyini gücləndirməyə hazırdır.

Biz sıx təmasda qalmağa razılaşdıq və iyul-avqust aylarına qədər eyni formatda yenidən görüşəcəyik. Təşəkkürlər.

 





23.05.2022    çap et  çap et