Vaxt.Az

“İşsizlik səviyyəsinin yüksək olduğu aşkardır”


 

Ərdəbildə adambaşına düşən gəlir ölkə ortalamasının yarısı qədərdir

“İşsizlik səviyyəsinin yüksək olduğu aşkardır” Ərdəbil valisi Seyyid Hamid Amili Ərdəbil vilayətində adambaşına düşən gəlirin İran ortalamasının yarısı qədər olduğunu deyib.

Yarı-rəsmi İLNA agentliyinə istinadən, Amili şənbə günü Ərdəbil valiliyində keçirilən bir iclasda bu barədə danışıb. Ərdəbil vilayəti inzibati şurasının növbəti iclası İranın Kooperasiya, Əmək və Sosial Rifah naziri, habelə İran Parlamentinin Sosial Komissiyasının üzvlərinin iştirakı ilə təşkil olunub.

Vali iclasda deyib ki, Ərdəbil vilayəti yüksək investisiya imkanları və potensialına sahib olsa da, təəssüf ki, bu vilayətdə adambaşına düşən gəlir ölkə ortalamasının yarısı qədərdir.

Seyid Hamid Amili həmçinin Tasnim agentliyinə müsahibədə Ərdəbildə yüksək işsizlik səviyyəsinə diqqət çəkib.

“Ərdəbil vilayətində davamlı məşğulluğun inkişafını təmin etmək digər bütün mövzulardan daha vacibdir. Ərdəbildə işsizlik səviyyəsinin yüksək olduğu aşkardır. Buna görə, bankların bu vilayətdə iqtisadi layihələri hərtərəfli dəstək vermələri zəruridir”, – vali deyib.

Ən yoxsul vilayətlərindən biri olan Ərdəbiin bir çox sakini keçən illər ərzində iş üçün ölkənin mərkəzi bölgələrinə üz tutub.

 





23.05.2022    çap et  çap et